Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini yüksək qiymətləndirib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədində iddia edilən atəşkəs pozuntularının aradan qaldırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifi alqışlanmalıdır. 15 ildir ki, Avropa İttifaqı Aİ-nin Gürcüstandakı missiyası vasitəsilə Gürcüstanda analoji görüşlərin təşkilinə kömək edib və öz təcrübəsini bölüşməyə hazırdır”, - Klaar əlavə edib.
Bundan əvvəl Ermənistan Respublikasının baş nazirinin ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edib. Maraqlıdır ki, atəşkəsi pozan Ermənistanın baş nazirinin təklifinə Klaardan operativ reaksiya gəlib.
Ermənistanın növbəti dəfə sərhəddə atəşkəsi pozmasını şərh edən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi başa çatdıqdan dərhal sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Naxçıvan istiqamətində atəşkəsi pozması heç də təsadüfi xarakter daşımır:
“Ona görə ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması hazırkı Ermənistan hakimiyyətinin və Qərbin maraqlarına cavab verir. Bu, onunla izah edilir ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri zəifləyir. Ona görə də bundan istifadə etmək üçün növbəti gedişlər edilərək, eyni proseslər Ermənistanda da həyata keçirilmək üçün oraya Avropanın maraqlı tərəflərinin hərbi vəzifəliləri yerləşdirilməsi üçün zəmin hazırlanır. Ermənistan hərbi idarəsinin və qarşı tərəfdə sərhəddə monitorinq aparan Avropa İttifaqı (Aİ) missiyasının İrəvanın mövqelərimizi atəşə tutmasını təkzib etməsi də Qərb-Ermənistan tandeminin birgə planlarının bir hissəsi kimi qiymətləndirilə bilər”.
Ekspert qeyd edib ki, eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da iyunun 23-də Ermənistanın atəşkəs rejiminin pozulması üçün ikitərəfli mexanizm yaratmaq təklifini alqışlaması, Aİ-nin Gürcüstandakı müşahidə missiyasını misal çəkməsi Ermənistanın atəşkəsi hansı niyyətlə pozduğunun işarətidir:
“Deməli, Ermənistanın şərti sərhəddəki son təxribatları sülh danışıqları və normallaşma prosesləri fonunda müxtəlif tərəflərin fərqli maraqlarını uzlaşdırır. Yəni, sözdə sülh istəyən tərəflər bunun əksinə siyasət yürüdür və Ermənistanın timsalında güc balansını dəyişmək üçün İrəvanın əlini gücləndirirlər. Regional idarəçilikdə pay sahibi olmaq üçün uzunmüddətli planlar quran güclərin əsas hədəflərindən biri isə Zəngəzur dəhlizindən öz mənfəətlərinə uyğun şəkildə istifadə etməyə çalışmalarıdır. Bu baxımdan da Ermənistanın mərkəz seçilməsi və sürətli şəkildə silahlandırılması diqqətləri cəlb edir. Maraqlıdır ki, regionda uzun illədir, sadəcə, Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan sülh danışıqları prosesinin irəlilədiyi bir zamanda niyə hücum silahları alır? Bunun başlıca səbəbi regiondakı ortaq məxrəcə gəlinməyən mövzular və xarici güclərin Ermənistana təlqinləri nəticəsində yaranan situativ davranışlardır ki, ən pis ssenariyə- müharibəyə hazırlıq üçün İrəvana gərəklidir. Hazırkı məqamda eskalasiyanın baş verməməsi üçün ciddi səbəblər yoxdur, əksinə Ermənistanın özünü məğlub tərəf kimi aparmaması nəticəsində regionda qarşıdurma risklər mövcuddur. Çünki Ermənistan Azərbaycana ərazi iddiaları ilə bağlı Konstitusiyasına, qanunlarına dəyişikliklər etmək üçün ciddi səy göstərmir, 2020-ci il üçtərəfli Bəyanata əsasən kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, halbuki, bununla bağlı Azərbaycan tərəfindən böyük işlər görülüb. 4 minə yaxın azərbaycanlının taleyinin qeyri-müəyyən olması, 30 illik işğal dövründə basdırılan minaların xəritələrinin Azərbaycana verilməməsi də tərəflər arasında açıq qalan mövzulardandır”.