Bəzi şirkətlər mənzil tikintisini qanunazidd olaraq həyata keçirir - DEPUTAT


“Çox yaxşı olardı ki, vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın”

"Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb".

 Bunu millət vəkili Bəxtiyar Əliyev Milli Məclisin dünən keçirilən plenar iclasında deyib. Deputat qeyd edib ki, bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb: "Əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edirlər. Mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reysteri xidmətindən çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər. Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələri olub, cinayət işləri qaldırılıb. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişikllik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və komitə tərəfindən təsdiq edilmiş layihələrlə dövlət reyestri xidmətində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir. Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir. Çox təəssüf olsun ki, bəzi şirkətlər mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Bu, imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək. Yəni vətəndaşların hüquqları qorunacaq".