Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq -Politoloq

Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. 
"Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (Zəngəzur dəhlizini nəzərdə tutur - red.)", - deyə jurnalistlərə açıqlama verən M.Qriqoryan vurğulayıb.
Qeyd edək ki, daha öncə Sergey Lavrov bildirib ki, “Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”.

Politoloq Xəyal Bəşirov "Sherg.az"a bildirib ki, Mger Qriqoryan sərhədlərin delimitasiya-demarkasiyasını həyata keçirən komissiyanın Ermənistan tərəfindəki rəhbəridir:

"Ermənistan baş nazirinin müavininin belə bir fikir səsləndirməsi əslində Ermənistanın hazırkı hakimiyyətininin düşüncəsini bir daha ortaya qoyur. Texniki baxımdan "Zəngəzur dəhlizi olmayacaq" ifadəsi sülh sazişinin imzalanmasına mane olmasa da, mahiyyət baxımından mövqeyin sərgilənməsi prosesə təsir göstərə bilər. Digər tərəfdən Zəngəzur dəhlizi məsələsi sülhə mane olduğuna və prosesi uzatdığına görə sülh sazişindən çıxarılmasına Azərbaycan razılıq verib. Amma buna baxmayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə imzalanmış) bəyannamə nəqliyyat və ictimai kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin reallaşmasını tələb edir. Ermənistan bu öhdəliyi öz üzərinə götürüb. Bundan boyun qaçırmaqla əslində Qriqoryan Paşinyanın özünə və imzaladığı sənədə hörmətsizliyini nümayiş etdirir. Ermənistanın daxilində, hətta iqtidar partiyası və administrasiyanın özündə belə xaotik proseslər davam edir. Nikolun səsləndirdiyi fikirlərin ziddinə olaraq parlamentin sədri, xarici işlər naziri, müdafiə naziri və digər şəxslər fərqli fikir səsləndirir. Bu onu göstərir ki, Ermənistanda dövlətçilik prinsipləri mövcud deyil".

Politoloqun sözlərinə görə, "Zəngəzur dəhlizi olmayacaq" ifadəsini dilə gətirmək Ermənistan hakimiyyətinin sülh prosesinə olan münasibətidir:
"Onlar sözdə sülhdən danışırlar. Amma real əmələ gələndə bu kimi fikirlər səsləndirirlər. Qriqoryanın ifadəsinin arxasıyca getsək, jurnalistlər bu məsələdə onu ciddi şəkildə sorğulasalar ki, siz sülhdən danışırsız, bəs bu nə deməkdir? O bu cür qələmə verəcək ki, biz sırf Zəngəzur dəhlizini nəzərdə tuturuq. Yəni onlar söz oyunları oynamaqla prosesi yalnız uzadırlar. Digər tərəfdənq Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq. Hər bir halda Azərbaycan öz layihələrini reallaşdırır.  Zəngəzur dəhlizinin alternativ yolu kimi İran ərazisində Ağbənddən keçən körpü hazırlanır. Ermənistan isə hər şeydən kənarda qalır. Bu isə ona gətirib çıxaracaq ki, Paşinyan yenə də yürütdüyü siyasətlə təcriddə qalacaq. Çünki özləri bunu istəyirlər. Ermənistan İkinci Qarabağ kimi böyük müharibədən və bundan sonrakı proseslərdə Azərbaycanın formalaşdırdığı yeni reallıqlardan dərs çıxarmır. Bu halda isə məsuliyyət onların üzərində qalır".