Karlo Ançelottinin oğlu Braziliya klubundan ayrılıb

Məşhur italiyalı məşqçi Karlo Ançelottinin oğlu Davide "Botafoqo" klubunun baş məşqçisi postundan ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, gənc məşqçinin müqaviləsinin ləğvinə futbolçuların çox sayda zədəsinə görə fitnes məşqçisi Luka Gerranın işdən çıxarılmasına etirazı səbəb olub. O, rəhbərliyə yalnız bütün məşqçilər heyətinin saxlanılması şərti ilə klubda qalacağını bildirib. "Botafoqo" Ançelottinin tələbini qəbul etməyib.

Davide Ançelotti "Real Madrid"də atasının yanında və digər klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərib. "Botafoqo" mütəxəssisin karyerasında baş məşqçi olduğu ilk klub olub.

Qeyd edək ki, o, 2025-ci ilin yayından Braziliya klubunu çalışdırırdı. Klub onun rəhbərliyi altında meydana çıxdığı oyunlarda 14 qələbə qazanıb, 11 heç-heçə edib və 7 görüşdə uduzub.