Qiyas Sadıqov: "Partiyanın şüarı "nə sağa, nə sola, xalqa doğru" olub"

"Fəaliyyətimizi məhz bu istiqamətdə davam etdirəcəyik"

Xəbər verdyimiz kimi Azərbaycan Xalq Partiyasının (AXP) VII növbədənkənar Qurultayı keçirildi. Qurultayda partiyanın uzun illər sədri olmuş Pənah Hüseynin istefası qəbul edildi və yeni sədr seçildi. Səsvermənin nəticələrinə əsasən, Qiyas Sadıqov AXP-nin yeni sədri oldu. Qurultayda AXP-nin gələcək fəaliyyət istiqamətləri, təşkilati məsələlər və siyasi prioritetlər də müzakirə edilib. Məlumat üçün bildirək ki, Qiyas Böyükağa oğlu Sadıqov 1960-cı ildə Sabirabad şəhərində anadan olub. Orta təhsilini Sabirabadda, ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb. Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi başlayıb. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunub. 1993-cü il iyunun 26-da bu vəzifədən azad edilib. Qiyas Sadıqov sabiq baş nazir Pənah Hüseynlə bərabər 1999-cu ilin aprelində Azərbaycan Xalq Partiyasını təsis edib. Pənah Hüseyn deputat olanda Qiyas Sadıqov 2007-2010-cu illərdə onun köməkçisi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini idi.

AXP sədri seçilməsi ilə bağlı "Sherg.az"a danışan Qiyas Sadıqov deyib ki, qurultayda sədrliyə Pənah Hüseyn tərəfindən namizədliyi irəli sürülüb. Onun sözlərinə görə, səsvermədə yekdilliklə sədr seçilib: 

"Mənə göstərilən etimada görə, Pənah bəy başda olmaqla bütün partiyadaşlarıma minnətdarlığımı bildirirəm. Partiyamız 1998-ci ildə təsis olunub. O zamandan etirabən partiyanın rəhbərliyində təmsil olunmuşam. Partiyanın şüarı "nə sağa, nə sola, xalqa doğru" olub. AXP olaraq fəaliyyətimizi məhz bu istiqamətdə davam etdirəcəyik".