Baş verənlər həm qarşılıqlı müttəfiqlik bəyannaməsinə, həm də Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl gətirir
Məlum olduğu kimi, Rusiyanın hakimiyyət dairələrinə yaxın bəzi dairələrin, media qurumlarının Azərbaycan əleyhinə kampaniyası davam edir, hətta ünvanımıza təhqirlər də səsləndirirlər. Azərbaycana qarşı bu həqarətlərin hakimiyyət dairələrinin iradəsindən kənarda olduğunu iddia etmək absurd olar. Əgər elə olsaydı, yəqin ki, onları da susdurardılar. Ancaq bu, baş vermir. Deməli, həmin şəxslər də nəzarətdədir və Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Bu prosesi idarə edən, əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. Onlar gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar. Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar. Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır. Söyüş, təhqir söz bitən yerdə başlayır. Kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi. Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə, pilotların danışıqlarında iki oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılsa, daha yaxşı olardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi. Buna görə də Rusiyadan gələn iyrənc sovet propaqandası, ucuz şoular heç cür qəbul oluna bilməz. Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a deyib ki, Rusiyaya qarşı təzyiqlər davam etməkdədir. Ekspert vurğulayıb ki, "qoca qitə"dən və okeanın o tayından Moskvaya yönələn embarqolar və Ukraynada illərdir davam edən Qərb və Rusiya müharibəsi fonunda Azərbaycan heç bir zaman şimal qonşumuza qarşı cəbhədə yer almır:
"Bütün təzyiq və təhdidlərə rəğmən, müstəqil xarici siyasətini davam etdirir. Dünya nizamının sarsıldığı və geosiyasi böhranın hökm sürdüyü bu şəraitdə Azərbaycanın mövqeyi Rusiya tərəfindən birmənalı şəkildə təqdir olunmalıdır.
Lakin biz nəyin şahidi oluruq? Rusiyanın hökumət mənbələrinə yaxınlığı heç bir şübhə doğurmayan mətbuat orqanlarında və TV-lərdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Rusiya hakimiyyət dairələri Azərbaycana qarşı "qara piar" kampaniyasını təşkil edən qeyd olunan KİV-lərdə özünün əleyhinə bir məqalənin belə tirajlanmasına dözüm nümayiş etdirmir. O zaman ortaya haqlı suallar çıxır - Rusiya KİV şəbəkəsi nəyə nail olmaq istəyir? Yaxud nəyə görə və hansı səbəbdən rəsmi Rusiya dost və müttəfiq ölkəyə qarşı çeşidli təhqirlər və həqarətlər yağdırır? "Komsomolskaya pravda" və digər bu qəbildən olan iqtidaryönlü medianın hücumları yəqin ki, elə vahid mərkəzdən idarə olunur.
Hər şey isə Azərbaycanın məlum təyyarə qəzası ilə bağlı haqlı tələbləri, günahkarların cəzalandırılması tələbindən sonra baş verib. Burada məhz Rusiyanın günahkar olması heç kimə sirr deyil. Məsuliyyətsiz davranışlarına görə Azərbaycan tərəfinin çox haqlı tələblərini yerinə yetirmək əvəzinə, onlar bir qədər də qabağa gedir. Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar. Baş verənlər heç şübhəsiz ki, Rusiyaya başucalığı gətirmir və həm qarşılıqlı müttəfiqlik bəyannaməsinə, həm də Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl vurur. Bu səpkili hücumlar qarşılıqlı münasibətlərin ruhuna ziddir və rəsmi Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir".