Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 140 ton yüklü neft tankerinin partlayışınım xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.
APA-nın yerli bürosu xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını qeyd edib.
“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”.
Qeyd edək ki, Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub. Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib. Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.