İran Ordusu Quru Qoşunları komandanının müavini, briqada generalı Nozər Nemati ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası ilə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Nemati blokadanın hərbi yolla yarılması ilə bağlı müəyyən planların hazırlandığını bildirərək, “Biz hərbçilər olaraq blokadanı yarmaq üçün diplomatiyanı gözləyə bilmərik”, – deyə qeyd edib.
O bildirib ki, İran lideri Müctəba Xameneinin blokadanın yarılmasına xüsusi önəm verdiyini vurğulayıb və heç bir xalqın uzunmüddətli blokadanı qəbul etməyəcəyini deyib.
Nemati diplomatiyanın da blokada məsələsini izlədiyini qeyd edib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra Tehran martın 2-də Hörmüz boğazını bağlamışdı. Buna cavab olaraq ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadasına başlamışdı. Blokada nəticəsində İranın neft ixracının əhəmiyyətli dərəcədə azaldığı bildirilir.