Eyyub Hüseynov: “Dövlət qurumları media ilə əməkdaşlıq etmədikcə problemlər həllini tapmayacaq”
Bakının Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünüb. Şərq TV-nin məlumatına görə, bu barədə Nicat Qasımov adlı vətəndaş sosial şəbəkədə paylaşım edib. N.Qasımov bildirir ki, hadisə rayonun Corad küçəsi, 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Qeyd edək ki, bu, yol infrasturkturunun yarıtmaz vəziyyətdə olduğuna dair son zamanlarda yayılan növbəti xəbərlərdən biridir. Bir neçə gün əvvəl Abşeron Ticarət Mərkəzinin qarşısındakı magistral yolda lükün ağzı açıq qalmasına dair görüntülər də sosial şəbəkədə yayıldı. “Azəravtoyol” Dövlət Agentliyi problemi həll etmək üçün ağzı açıq qalmış lükə taxta, daş yığdı, sonra da üstünə avtomobil təkəri yerləşdirdi. Şəhərdə gah hardasa asfaltın çökməsi, gah kanalizasiya qapaqlarının açıq qalması, küçədə, səkidə çuxurlar əmələ gəlməsi və yoldan ötən avtomobillərə də, piyadalara da təhlükə yaranması haqda məlumatlar yayılır. Əlbəttə, asfalt çökə də bilər, hardasa kanalziasiya qapağı deşilə, sıradan çıxa bilər. Amma məsələ əlaqədar qurumların məsələyə necə reaksiya verməsi, problemin necə, nə vaxt aradan qaldırılmasıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, media nümayəndələri bütün günü qarışqa kimi çalışır, cəmiyyətdəki nöqsanları, problemləri aşkarlayır və ictimailəşdirirlər. Lakin təəssüf ki, qanunvericilikdə mediada dərc olunan materialların dövlət qurumları tərəfindən araşdırılması və həmin materiallarda qaldırılan problemlərin həlli nəzərdə tutulsa da, bu istiqamətdə lazımi işlər görülmür:

- Cənab Prezident dəfələrlə bildirib ki, ən maraqlı məlumatları mediadan alır. Buna baxmayaraq, dövlət qurumları media ilə sıx əməkdaşlıq etmir, yaxud belə əməkdaşlıqda maraqlı görünmürlər. Dövlət qurumlarına rəhbər vəzifələrə təyin olunan bəzi şəxslər sanki vəzifəyə gəldikdən sonra ayaqları yerdən üzülür, cəmiyyətdən uzaqlaşırlar. Medianın cəmiyyətdəki rolunu lazımi səviyyədə qiymətləndirmir, jurnalistlərlə əməkdaşlıqdan yayınırlar. Nə qədər ki, dövlət qurumları media nümayəndələrini və bütövlükdə cəmiyyəti öz fəaliyyətlərinə dəstək verən, problemlərin həllinə kömək edən tərəfdaşlar kimi qəbul etməyəcəklər, vəziyyət də dəyişməyəcək.
E.Hüseynov bildirdi ki, ölkədə müşahidə olunan bir çox ciddi problemlərin kökündə də bu amil dayanır. Bərbad vəziyyətdə olan yollar, açıq qalan kanalizasiya quyuları, aşaraq insanların və avtomobillərin üzərinə düşən ağaclar, hər il küləkli havalarda ağacların aşması nəticəsində nəqliyyat vasitələrinə dəyən ziyan, hətta insan tələfatı ilə nəticələnən hadisələr – bütün bunlar cəmiyyətin gündəlik üzləşdiyi problemlərdir:
- Bu kimi halların baş verməsinin mühüm səbəblərindən biri dövlət qurumlarının media və sosial şəbəkələrlə sıx əməkdaşlıq etməməsidir. Problemlər ictimailəşdirilsə də, çox vaxt müvafiq qurumlar buna adekvat reaksiya vermirlər. Hər kəs özünü müstəqil və hesabatlılıqdan kənarda hesab edir, nəticədə dövlət qurumları ilə cəmiyyət arasında əlaqələr zəifləyir. Digər mühüm məsələ şəhərsalma və torpaqdan istifadə ilə bağlıdır. Görürük ki, yaşayış evləri hətta kanalizasiya xətlərinin üzərində tikilir. Halbuki paytaxtın, xüsusilə də onun ətraf ərazilərinin planlaşdırılmasında mühüm prinsiplərdən biri şəhərin zəruri hallarda ərzaqla təminatını həyata keçirə biləcək infrastrukturun qorunmasıdır. Biz indiyədək belə qanunsuz əməllərə yol verən şəxslərin, xüsusilə də kanalizasiya xətlərinin üzərində ev tikintisinə şərait yaradanların ciddi şəkildə cəzalandırıldığını görməmişik. Cəmiyyətdə cəzasızlıq mühiti formalaşır. Torpaqların satılması, qanunsuz tikintilərə şərait yaradılması və bu prosesdə iştirak edən şəxslərin məsuliyyətdən yayınması nəticəsində bir-biri ilə əlaqəli maraq qrupları yaranır. Bu qruplar arasında formalaşan münasibətlər isə mövcud problemlərin davam etməsinə şərait yaradır. Bütün bu problemlərin əziyyətini isə son nəticədə istehlakçılar və sadə vətəndaşlar çəkirlər. Onların hüquqları pozulur, gündəlik həyatları çətinləşir. Buna görə də istehlakçılar və vətəndaşlar daha fəal olmalı, üzləşdikləri problemlərlə bağlı dövlət qurumlarına məlumat verməli, mediaya müraciət etməli və ictimai müzakirələrdə iştirak etməlidirlər. Eyni zamanda, bütövlükdə cəmiyyət media nümayəndələrinin fəaliyyətinə yüksək qiymət verməli, onların əməyini minnətdarlıqla qarşılamalıdır.