“Xurmanın qədrini bilmirik, fermerin məhsulu ağacda qalır”
"Bu il yenə də 100 min tonlarla xurma ağacların başında qalıb. Yenə də alıcı problemi. Azərbaycanın kənd təsərrüfatı mallarının əsas alıcısı olan Rusiya bazarları əvvəlki alıcılıq qabiliyyətini və cazibəsini itirib”. Bu barədə ictimai-siyasi və sosial məsələlər üzrə ekspert Haçin Nəcəfov özünün feysbuk səhifəsində yazıb. Ekspert xurmanın alıcısının olmaması ilə yanaşı, daha ciddi bir problemə toxunub. Qeyd edib ki, görünür, insanlarımız Allahın bizə bəxş etdiyi bu nemətin faydalarından xəbərsizdirlər. Belə olmasaydı, xurmalar ağacların başında qalıb çürüyüb yerə tökülməzdi:
- Xurma Allahın bizə verdiyi ən qiymətli meyvələrdən biridir. Demək olar ki, təbii yetişir. Kimyəvi və zəhərli dərmanlara ehtiyac duymur. Kökdən təbii mal gübrəsi versən, bütün il boyu sahibinə minnətdar olur. Anlaşılan odur ki, bizim vətəndaşlar xurmanın onlar üçün nə qədər faydalı və qiymətli olmasından xəbərsizdirlər. Yoxsa ölkəmizdə niyə bu qədər az istifadə edilsin? Hər birimiz gündə ən azı bir xurma yeməyimiz şərtdir ki, həm canımız sağlam olsun, həm də fermerlərimizə dəstək olaq. Xurma ləzzətli dadına, keyfiyyətinə, tərkibindəki vitamin və antioksidantlara görə payız-qış mövsümünün ən qiymətli həm də bazarlarda ən ucuz satılan meyvələrindən sayılır.
Ş.Nəcəfov qeyd edib ki, xurmanın alıcısı yoxdursa da, özümüz ondan kifayət qədər yararlana bilərik. Xurmanı qurudub qışda istifadə etsək əsl vitamin deposu əldə etmiş olacağıq.