Ermənistanın revanşist yanaşması onun ağılsızlığından xəbər verir -Analitik

Ermənistanın özünü "sülh göyərçini" kimi təqdim etməsi, əslində isə həm diplomatik, həm də hərbi müstəvidə Azərbaycana qarşı addımlarını davam etdirməsi reallığı əks etdirir.
Diplomatik sahədə Ermənistan rəsmilərinin müxtəlif ölkələrə səfərləri, Avropa Parlamenti (AP), Belçika və İsveçrə parlamentlərində Azərbaycana qarşı qəbul olunan sənədlər bunun bariz nümunəsidir. Eyni zamanda, Ermənistanın silahlanmaya davam etməsi və hərbi hazırlıqlar görməsi onun müharibəyə hazırlaşdığını göstərir. Sülhə dair iddialar isə əslində bu hərbi hazırlıqları pərdələmək məqsədi daşıyır. Ermənistan dayanıqlı sülhün təmin olunması üçün sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalı, konstitusiyasında müvafiq dəyişikliklər etməli, Zəngəzur dəhlizinin açılmasına imkan verməli və cəmiyyətini sülhə hazırlamalıdır.
Bu addımlar atılmadan sülh prosesinin gerçək və davamlı olacağına inanmaq çətindir.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Ermənistanın bu cür revanşist duyğulara söykənməsi onların uzaqgörənliyinin olmamasından irəli gəlir:

"Ermənistan hakimiyyəti anlamır ki, Azərbaycanla bu tərzdə danışmaq olmaz. Bizim gücümüz, imkanlarımız və Azərbaycanın dünya siyasətindəki yeri artıq ən aparıcı böyük dövlətlər tərəfindən də qəbul edilir. Belə bir şəraitdə Ermənistanın revanşist yanaşması onun ağılsızlığından xəbər verir. Rəsmi İrəvanın istər siyasi rəhbərliyi, istərsə də müxalifəti proseslərin fərqinə varmalıdırlar. Əks təqdirdə bundan doğan nəticələrə də qatlanmaq məcburiyyətində qalacaqlar. Dayanıqlı, davamlı və uzunmüddətli sülh anlaşmasının imzalanması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Bu, hər şeydən öncə Azərbaycan Respublikasına vurulan maddi ziyanın təzmin edilməsidir. Ermənilər işğal dövründə ərazilərimizin böyük bir hissəsini darmadağın edib, minlərlə insanı öldürdüyünə görə də maddi konpensasiya ödəməkdən və üzr istəməkdən boyun qaçırmamalıdır. Təzminat rəqəmləri böyük olduğu və Ermənistanın buna gücü çatmadığı səbəbindən bunun yerinə Azərbaycan qarşı tərəfə yeni alternativlər təklif edib. Yəni Qərbin Zəngəzuru Azərbaycana güzəştə getməklə məbləğin böyük bir hissəsini ödəmiş sayıla bilər. Digər tərəfdən Ermənistan sülh sazişi imzalamaq üçün mümkün qədər tez konstitusiyasını dəyişərək ölkəmizə qarşı ərazi iddialarından çəkinməli, gerbindəki Türkiyəyə qarşı torpaq iddialarını dəyişməlidirlər".

Şərhçi qeyd edib ki, ən vacib məsələlərdən biri də ümumiyyətlə Ermənistanın Azərbaycanla həmahəng addımların atmasıdır:
"Məsələn, Tehran hazırda Bakıda məhkəməsi gedən və çox qatı cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərlə bağlı Azərbaycanla iş birliyi etməli, Robert Köçəryanla Serj Sərkisyanı təhvil verməlidir. Azərbaycan həmişə olduğu kimi bu cür məsələlərin həllində dinc üsullara üstün tutur. Ona görə də dövlətimiz müharibə çağırışları etmir. Sadəcə Ermənistana diplomatik dildə anlatılmağa çalışılır ki, bu addımlar atılsın. Ermənistan Azərbaycanla anlaşmaqdan başqa yolu olmadığını başa düşənə qədər rəsmi Bakı əl çəkməyəcək. Azərbaycanın tələbləri yerinə yetirilməlidir ki, Ermənistan məhv olmaqdan qurtulsun. Bu gün İrəvanda ölüm-qalım savaşı gedir. Bu prosesdə isə Azərbaycan və Türkiyə əsas rolları oynayır. Bu iki dövlətin təminatı olmadan Ermənistan adlı dövlət ayaqda dura bilməyəcək".