Yeni ana olan hər iki qadından biri bir il ərzində işdən ayrılır. Qadınların əmək həyatından uzaqlaşmasının ən böyük səbəbi maaşın uşaq bağçası və ya dayə xərclərini qarşılaya bilməməsidir.
Sherg.az Türkiyə Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, doğuşdan sonrakı ilk 6 ayda qadınların işdən ayrılma nisbəti 39,9 faizdir. Yəni yeni ana olan 100 qadından təxminən 40-ı əmək həyatından uzaqlaşır. Bu diqqətçəkən məlumat Əmək və Sosial Müdafiə Nazirliyinin SGK və İŞKUR məlumatları əsasında apardığı analiz nəticəsində ortaya çıxıb.
Araşdırma Əhali Siyasəti Şurasında da müzakirə olunub. 2015–2025-ci illər arasında doğuş edən 1 milyon 398 min 17 qadın araşdırılıb. Nəticələrə görə, doğuşdan sonra işdən ayrılan qadınların payı 36 ay ərzində 72,8 faizdir.
24 ay ərzində qadınların 68,1 faizi, 12 ay ərzində isə 56,5 faizi işdən ayrılıb.
Maaş bağça və ya dayə xərclərinə çatmır
Doğuşdan sonra işdən ayrılan qadınların orta yaşı 30,73-dür. İşdən ayrılmanın əsas səbəbi aşağı maaş və uşağa baxmaq xərcləridir. Yəni qadınların qazancı bağça və ya dayə xərclərini ödəməyə kifayət etmir.
İşdən ayrılmaq məcburiyyətində qalan qadınlar əsasən təhsilini tamamlamış və əmək bazarında təcrübəsi olan şəxslər kimi xarakterizə olunur.
Qadın məşğulluğunu zəiflədir, ikinci uşaq qərarını çətinləşdirir
Aparılan analizə görə, bu vəziyyət Türkiyədə qadın məşğulluğunu daha həssas hala gətirir və ailələrin ikinci uşaqla bağlı qərar verməsini çətinləşdirir.