AQTA-nın rəqəmsal resurslarının təxminən 45%-i təşkilati idarə etmə və idxal-ixrac əməliyyatların tənzimləməsinə yönəlib. Aparılan tədbirlər nəticəsində idxal-ixrac prosesləri tam şəkildə elektron platformaya daşınıb. Bu istiqamətdə 13 proses elektronlaşdırılaraq 100% icra göstəricisinə çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Sədr müavini Zəkiyyə Mustafayeva III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda sahələr üzrə rəqəmsallaşma göstəriciləri belədir:
“Qeydiyyat üzrə 10 prosesdən 7-si rəqəmsallaşıb, yerli nəzarət sahəsindən 7-dən 4-ü, izlənilmə sistemi və rəqəmsal aləklər üzrə 10 prosesdən 7-si, təşkilati idarə etmə və koordinasiya sahəsində isə 17 prosesdən 16-sı rəqəmsallaşıb. Ümumilikdə bu 90%-ə çatdırılıb. Qida məhsulların təhlükəli hesab edilməsi halları ilə bağlı isə obyekt və subyektlərin qeydiyyatı, təsdiqi, qida və yem məhsullarının, baytarlıq preparatlarının, pestisid və digər kimyəvi maddələrin qeydiyyatı kimi istiqamətlər, habelə baş-dövlət-baytar müfəttişinin qərarları ictimaiyyətə açıq baza kimi formalaşdırılıb”.