Rusiya ilə Avropa arasında təhlükəsizlik məsələləri və Ukrayna müharibəsinin nizamlanması ilə bağlı fikir ayrılıqları davam edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ilə razılıq əldə olunmadığı təqdirdə Moskvanın qarşıya qoyduğu məqsədlərə güc yolu ilə nail olacağını bildirib. O, Avropa İttifaqının sülh istəmədiyi halda Ukrayna münaqişəsinin nizamlanması və Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsinin mənasız olduğunu qeyd edib.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a Peskovun açıqlamasının siyasi və regional təsirlərini dəyərləndirib:
"Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun bu bəyanatı adi diplomatik açıqlamadan daha çox, Moskvanın Avropanın təhlükəsizlik arxitekturasına dair strateji yanaşmasını əks etdirir. Rusiya Ukrayna müharibəsini yalnız iki ölkə arasında baş verən hərbi münaqişə kimi qiymətləndirmir. Moskva bu müharibəni NATO-nun genişlənməsi, Avropadakı hərbi qüvvələr balansı və Rusiyanın təhlükəsizlik tələblərinin qəbul edilməsi ilə də birbaşa əlaqələndirir.Belə ki, Moskvanın 2021-ci ildə gündəmə gətirdiyi tələblər bu gün də Rusiyanın xarici siyasətində əsas müzakirə mövzuları sırasındadır. Həmin tələblərə NATO-nun şərqə doğru genişlənməsinin məhdudlaşdırılması və Avropadakı hərbi yerləşmələrin yenidən tənzimlənməsi daxildir".
Analitik bildirib ki, Peskovun açıqlamasında diqqət çəkən əsas məqam diplomatik razılıq əldə olunmadığı təqdirdə hərbi gücün alternativ vasitə kimi təqdim edilməsidir:
"Bu yanaşma beynəlxalq münasibətlərdə məcburedici diplomatiya adlandırılan metodun təzahürüdür. Moskva müzakirə masasında daha əlverişli şərtlər əldə etmək məqsədilə döyüş meydanındakı hərbi təzyiqi davam etdirməyə çalışır. Bunun əksinə olaraq, Avropa İttifaqı ilk növbədə Ukraynada atəşkəsin əldə olunmasını müdafiə edir. Daha sonra isə sülh sazişi ilə bağlı müzakirələrin aparılmasını vacib hesab edir. Beləliklə, tərəflər arasındakı əsas fikir ayrılığı yalnız sülhün şərtləri ilə bağlı deyil. Danışıqların hansı prioritetlər əsasında aparılmalı olması da mübahisə doğurur. Rusiya Avropada hərtərəfli təhlükəsizlik sisteminin formalaşdırılmasını ön plana çəkir. Avropa ölkələri isə Ukraynanın suverenliyinin və təhlükəsizlik təminatlarının qorunmasına üstünlük verirlər".
Politoloq bu hadisələrin Türkiyə və Azərbaycan baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib:
"Rusiya ilə Avropa arasında gərginliyin dərinləşməsi bir sıra regional proseslərə təsir göstərə bilər. Bunlara Qara dənizin təhlükəsizliyi, enerji təchizatı, Cənubi Qafqazdakı güc balansı və Orta Dəhlizin strateji əhəmiyyəti daxildir. Xüsusilə Türkiyənin NATO üzvlüyü və Azərbaycanın müstəqil, çoxşaxəli xarici siyasət yanaşması nəzərə alındıqda, regional sabitliyin qorunması hər iki ölkənin maraqlarına uyğundur. Nəticə etibarilə, Peskovun açıqlaması Rusiyanın yalnız Ukraynadakı müharibəni deyil, həm də Avropanın gələcək təhlükəsizlik sistemini müzakirə predmetinə çevirmək istədiyinin ciddi göstəricisidir".
Müsahibimiz hərbi güc təhdidinin diplomatik danışıqlar vasitəsi kimi istifadə edilməsinin sülh ehtimalını gücləndirmədiyini vurğulayıb:
"Əksinə, bu yanaşma qarşılıqlı etimadsızlığın daha da dərinləşməsi riskini yaradır. Davamlı həll yolu təhlükəsizlik narahatlıqlarının dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri çərçivəsində nəzərdən keçirilməsindən keçir".