Psixoloq: Məktəblərdə psixologiya dərsləri də keçirilməli, müvafiq tədris proqramı hazırlanmalıdır

“Psixoloq ştatlarının ayrılması ilə bağlı Nazirlər Kabinetinin 70 nömrəli qərarı var. Təbii ki, bu yetərli deyil, çünki min nəfərə cəmi bir psixoloq düşür. Eyni zamanda bizim "Məktəblinin dostu" layihəmiz var, 400 məktəbdə bu işləri görürük, 1300-dən çox sosial pedaqoqumuz var". Bu barədə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə danışıb. K.Kərimzadə bildirib ki, əhatəliliyi artırmaqla bağlı işlər görülməlidir: “Açığı planlarımız var, amma aidiyyəti qərarlar yoxdur deyə nə biz, nə də Maliyyə Nazirliyi yəqin ki, bunu hələ elan etməyəcəyik. 2028-ci ildən təşəbbüslərimiz olacaq", - deyə nazir müavini bildirib.

Nazir müavininin qaldırdığı problemin ciddi olduğunu deyən psixoloq Fərqanə Mehmanqızı Sherga.az-a açıqlamasında qeyd etdi ki, bu məsələdə çox gecikirik: 

- Təəssüf ki, məsələyə 2 ildən sonra baxılacaq. Bu, çox gecdir. Onsuz da bu məsələdə gecikmişik, deməli, hələ 2 il də gözləməli olacağıq. Neçə universitet var ki, psixologiya ixtisası üzrə diplom verir, lakin həmin universitetlərin məzunları, gənc mütəxəssislər işsiz qalırlar. Psixoloqlar təkcə bağçalarda və məktəblərdə deyil, eləcə də dövlət qurumlarında fəaliyyət göstərməlidirlər. Hətta notariat kontorlarında belə psixoloq ştatının olması vacibdir. Dövlət bu məsələyə xüsusi diqqət yetirməli və müvafiq ştat vahidlərinin yaradılmasını tələb etməlidir. Nə üçün bu lazımdır, məsələn, hər hansı müqavilə bağlanarkən psixoloqun rəyi nəzərə alınmalıdır. Bu, insanların şəxsi qərarlarını sərbəst şəkildə verməsi, hər hansı proses və ya müqavilə zamanı psixoloji təzyiqə məruz qalmaması baxımından vacibdir.

F.Mehmanqızı bildirdi ki, uşaq bağçalarında və orta məktəblərdə psixoloqların sayı nə qədər çox, bir psixoloqun məsuliyyətinə düşən uşaq sayı isə nə qədər az olsa, bir o qədər keyfiyyətli və effektiv nəticə əldə etmək mümkündür: 

- Lakin bununla yanaşı, məktəblərdə psixologiya dərsləri də keçirilməli, müvafiq tədris proqramı hazırlanmalıdır. Necə ki riyaziyyat və ədəbiyyat fənləri tədris olunur, eyni qaydada psixologiya fənni də tədris edilməlidir. İlk növbədə, uşaqlarda insan psixologiyası haqqında ilkin bilik və anlayışlar formalaşmalıdır. Eyni zamanda, məktəb psixoloqları uşaqların psixoloji vəziyyətini qiymətləndirməli, psixo-diaqnostik müayinələr aparmalı və onları təhlil etməlidirlər. Bununla yanaşı, valideyn iclaslarında uşaqların psixoloji vəziyyəti barədə valideynlərə və müəllimlərə məlumat verilməli, onların fərdi xüsusiyyətləri və davranışları haqqında müvafiq xarakteristika təqdim olunmalı, mövcud problemlər vaxtında müəyyənləşdirilməlidir.