"Azərbaycançılığı dövlətin milli siyasi məfkurəsinə çevirməliyik"
Vazeh Əskərov: "Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı"
Azərbaycançılıq ideyasının təbliği
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti (RİH) və YAP Qax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, rayon təhsil şöbəsinin əməkdaşı Zahid Hacılı, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğundan bəhs edilib. O cümlədən Ulu Öndərin azərbaycançılıq ideyasının milli həmrəyliyi, təəssübkeşliyi, bütövlüyü təmin edən və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğu qeyd olunub.
Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu vurğulanıb. Bu ideologiyanın dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib amil olduğu bildirilib. Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ərsəyə gətirilən “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.
Qeyd edək ki, hazırda dünyada gedən qloballaşma prosesində yalnız güclü olan xalq qələbə qazana, özünün milli, mənəvi, dini, tarixi ənənələrini qoruyub gələcək nəsillərə ötürə bilər. Dünyanın harasında olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib, qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə çalışmalı, fəaliyyət göstərməli, əlindən gələni əsirgəməməlidir.
Azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq, hər birimiz buna uyğun əməli fəaliyyət sərgiləməliyik. Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. Biz ötən il 44 günlük müharibə dönəmində də bunun şahidi olduq və gördük ki, bizim birliyimiz qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də birincisidir. Nəzərə almaq lazımdır ki, bundan sonra qarşıda yenə də çətinliklərlə üzləşə bilərik və artıq davam etməkdə olan qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf etmək, böyük tarixə malik bir xalq kimi qalib çıxmağımız üçün azərbaycançılıq ideologiyasını daha da gücləndirmək, ələlxüsus buna sadiq olmaq lazımdır. Çünki azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir və məhz azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir.
Milli məfkurəmizin daha çox təbliğ edilməsi, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi işi günün aktual məsələlərindən birini təşkil edir. Bu vəzifə isə birmənalı şəkildə ölkə KİV-nin üzərinə düşür. İnformasiya əsrində yaşadığımızı nəzərə alsaq, gənclərin milli məfkurəmizlə daha yaxından tanış olması, bu haqda çox bilgilənməsi üçün mütəmadi olaraq bu istiqamətdə təbliğat aparılmalıdır. Bu, azərbaycançılıq ideologiyasının cəmiyyətdə daha möhkəm əsaslarda bərqərar olmasını təmin edir.
Dosent Vazeh Əskərovun sözlərinə görə, azərbaycançılıq ideologiyası hər şeydən əvvəl, ilk növbədə, özünü dərk etmək ilə xarakterizə olunma anlamına gəlir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir:
“Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
“Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olub.
Bu terminin işlədilməsinə əsasən Sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət-ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə, həmçinin birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. Qeyd etmək yerinə düşər ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə Azərbaycan dilinin əhəmiyyəti artıb və ana dilinə olan diqqət və qayğı eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları gətirmək olar.
Həmin dövrdə Azərbaycanda ən qabaqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də qürurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir".
V.Əskərovun sözlərinə görə, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları xüsusən müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyi düzgün inkişaf etdirməkdən ibarət idi.
1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və onu ölkəyə rəhbərlik etməyə dəvət etdi: “Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalaraq onu inkişaf etdirib.
Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulub.
Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.
Biz bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik”.