Narkoloji testin ayrıca tələb olunması düzgün deyil - Sosioloq

"Narkotik asılılığı olan insanları işdən kənarda qoymaqla onları narkotiklərdən daha da asılı vəziyyətə salmış oluruq"

Narkoloji xəstələrin işə qəbulunda işəgötürənin məsuliyyətinin artırılmasına dair qanunvericiliyə dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklik layihəsində narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi əksini tapır.

Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

Dəyişikliyi şərh edən sosioloq Naib Niftəliyev “Sherg.az” açıqlamasında qeyd etdi ki, narkoloji testi sağlamlıq haqqında ümumi tibbi arayışdan ayrıca, əlavə olaraq tələb etmək düzgün deyil: 

- Milli Məclis işəgötürənlərin fəaliyyəti nəzərə alırsa, işçinin də maraqları eyni dərəcədə qorunmalıdır. Narkoloji Dispanserə müraciət etmək və ya narkoloji testdən keçməyi sağlamlıq haqqında arayış prosedurundan ayırmaq yanlışdır. Anlaşılandır, narkotik asılılıq geridönüşü olmayan ciddi məsələdir, istənilən iş prosesində müəyyən probemlər yarada bilər. Amma bu əsas vermir ki, narkoloji testdən keçməyi sağlamlıq haqqında tibbi arayışdan ayrı tutaq. İnsan ya tam olaraq sağlamdır, ya da asılılığı varsa, bu, digər sağlamlıq göstəricilərini də şübhə altında qoyacaq. Bu da anlaşılandır ki, qanunvericiliyə təklif edilən dəyişiklik, həm də son zamanlar narkotik maddə asılılığı olanların sayının artmasından qaynaqlanır. Lakin problemi bu formada aradan qaldırmaq mümkün olmayacaq. Narkotik asılılığı olan insanları işdən kənarda qoymaqla onları narkotiklərdən daha da asılı vəziyyətə salmış oluruq. Bu insanların problemləri öncə həll edilməlidir, sonra onları iş prosesinə yönəltməliyik. Bu proses də “bir pəncərə sistemi” – bir arayışla həll olunmalıdır. Məsələ köklü həll edilməlidir Bu tip insanların reabilitasiyası və məcburi əməyə cəlb olunması və sosiallaşması, cəmiyyətə sağlam inteqrasiyası istiqaməıtində addımlar atılmalıdır. 

Sosioloq bildirdi ki, işəgörürmə prosesi sadələşməli, konkretləşməli, müəyyən məqamlarda sadı və aydın olmalıdır. Narkoloji asılılıq isə ümumi sağlamlıqdan ayrı ola bilməz: 

- İnsan işə qəbul üçün müxtəlif arayışların arxasınca düşməməlidir. Bu, bürokratiya riski yaradır. Narkotik asılılıq varsa, insan sağlam deyil artıq. Bu proses şəffaf və konkret tələblər əsasında aparılmalıdır və sağlamlığı bütünlüklə əhatə edən bir arayış tələb olunmalıdır.