Şəhər nəfəs ala bilmir: yaşıllıq yerləri tikinti layihələrinə qurban gedir

Sosioloqdan sərt açıqlama: “Bu, cinayətdir - cərimələr 10 dəfə artırılmalıdır”

Bakının Günəşli qəsəbəsi, AB yaşayış massivinin önündə yeni binalar tikilir. Buna sevinmək olardı, əgər hündürmərtəbəli binalar əvvəlki yaşayış binalarının önünü kəsməsəydi, həmçinin qarşıdakı yaşıllıq ərazi, çoxillik şam ağacları kəsilməsəydi. Amma son illərdə paytaxtda tikintilər məhz bu şəkildə aparılır. Binalar bir-birinə çox yaxın tikilir, mənzillər günəş işığından məhrum qalır, mənzillərə hava daxil olmur. Yaşıllıqlar da məhv edilir.

Sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında qeyd etdi ki, hələ də belə hallara rast gəlinməsi təəssüf doğurur:

- Bakı şəhərində obyektlərin, binaların tikilməsi zamanı ağaclar kəsilir. Dəfələrlə belə hallar ictimailəşdirilib və yaxud müvafiq dövlət orqanları tərəfindən aşkar edilərək cərimələr tətbiq olunub, cəzalar verilib. Amma yenə də bəzi iş adamları və şirkətlər müxtəlif yollarla yaxşı ərazilərdə, perspektivli məkanlarda olan yaşıllıqları məhv edib yerində tikinti aparırlar.

Bu məsələlərdə sakinlər də daha diqqətli və məsuliyyətli olmalıdırlar. Bununla bağlı müraciətlər edilməli, məsələ ictimailəşdirilməlidir. Çünki bəzən müvafiq dövlət orqanlarının belə hallardan xəbəri olmur. Ona görə də məlumat verilməlidir ki, lazımi tədbirlər görülsün.

Bakı şəhəri ümumiyyətlə yaşıllıq sahəsinin ən az olduğu şəhərlərdən biridir. Şəhərin ümumi ərazisinin təxminən 4 faizi yaşıllıq sahəsidir. Halbuki normal şəhərlərdə bu göstərici 20, 30, 40, hətta 50 faizə çatır. Belə bir vəziyyətdə onsuz da az olan yaşıllıq sahələrinin və ağacların kəsilməsi həqiqətən də böyük bir cinayətdir.

Xüsusən Bakının torpaq və iqlim şəraiti ağacların böyüməsi üçün əlverişli deyil. Böyük zəhmətlə əkilən bu ağacların kəsilib yerində obyekt tikilməsinə yol vermək olmaz. Obyektlər ağac olmayan ərazilərdə tikilə bilər.

Bəzən dövlət tərəfindən strateji əhəmiyyətli obyektlərin tikintisi zəruri ola bilər və bu zaman ağacların kəsilməsi qaçılmaz hesab edilə bilər. Lakin belə hallarda yaxınlıqda yeni yaşıllıq sahələri salınmalıdır. Bu, kompensasiya mexanizmi kimi tətbiq olunmalıdır.

Amma adi obyektlərin tikintisi üçün ağacların kəsilməsinə yol verilirsə, cəzalar artırılmalıdır. Mən hesab edirəm ki, mövcud cərimələr çox aşağıdır. Məsələn, yaşıllıq sahəsini məhv edib orada biznes quran şəxs ildə yüz minlərlə, hətta milyonlarla gəlir əldə edəcəksə, ağacların kəsilməsinə görə tətbiq olunan cərimələr onun üçün ciddi maneə yaratmır. 50 min və ya 100 min manat cərimə belə həmin gəlirlərlə müqayisədə çox kiçik məbləğdir.

Ona görə də həmin şəxslər buna göz yumurlar. Çünki gələcəkdə illərlə böyük vəsait qazanacaqlarını düşünürlər. Deməli, cərimələr kifayət qədər yüksək deyil. Mən hesab edirəm ki, bu cərimələr ən azı on dəfə artırılmalıdır.

 Əks halda şəhərdə ekoloji vəziyyət daha da pisləşəcək və yaşıllıq sahələri azalacaq. Onsuz da bu sahələr kifayət qədər azdır.

Həmin şəxslər məcbur edilməlidir ki, məhv etdikləri ərazini yenidən yaşıllaşdırsınlar. Bundan əlavə, başqa ərazilərdə də öz vəsaitləri hesabına yeni yaşıllıq sahələri salmalıdırlar.