
Azərbaycanın nüfuzu hər gün artır
Ölkəmiz dünyanın vacib beynəlxalq subyektinə çevrilir
Son həftələr ərzində Azərbaycan liderinə edilən zənglər, yazılan məktublar bunun bariz göstəricisidir
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycanla Avropa ölkələri, Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bir müddət əvvəl birliyin rəsmi şəxslərinin Bakıya səfərindən sonra ötən ay Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda oldu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib.
Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başladı.
Azərbaycanın Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul etməsi və ya imzalaması qarşılıqlı əməkdaşlığa layiqli töhfədir. Prezident İlham Əliyev 2004-cü ildən etibarən qurumla əlaqədar 9 dəfə Brüsselə səfər edib. 2012-ci ildən etibarən Şura prezidentləri 4 dəfə Bakıya gəlib. Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr daha da inkişaf edib.
Son həftələr Ukrayna ətrafında cərəyan edən hadisələr, Qərblə Rusiya arasında siyasi, iqtisadi və dolayısı yola hərbi toqquşmalar, dünyanın yenidən qütblərə bölünməsi ayrı-ayrı güc mərkəzlərinin ölkəmizə marağının və diqqətinin daha da artmasına səbəb olub. Azərbaycana marağın artması ölkəmizin vacib strateji coğrafi yolayrıcında yerləşməsi, zəngin təbii resursları ilə yanaşı, həm də, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətlə dünyada sayılıb-seçilən liderlər sırasında olması ilə bağlıdır. Heç kimdə şübhə yoxdur ki, siyasətdə lider amili həmişə ən vacib faktor olmaqla, xalqların gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın ABŞ, Böyük Britaniya, Aİ və Rusiya ilə münasibətləri Qara dənizdən Çinə qədər orta xətdə yerləşən bütün dövlətlərdən kardinal şəkildə fərqlənir. Keçmiş Sovet İttifaqına daxil olan respublikalardan fərqli olaraq, Azərbaycan 1990-cı illərdə başlanan və hazırda davam edən beynəlxalq qütbləşmədə iştirak etmir.
Təsadüfi deyil ki, bir neçə il əvvəl ardıcıl olaraq NATO və Rusiya, ABŞ və Rusiya generalları arasında bir çox görüş məhz neytral məkan olan Bakıda baş tutub. Bu yaxınlarda isə Ukrayna Prezidenti Vladimir Zelenskinin də Moskva və Kiyev arasında görüş yerlərindən biri kimi məhz Bakını təklif etməsi hərbi-siyasi bloklarda yer almayan Azərbaycanın xarici siyasət davranışındakı uğurlu gedişlərlə bağlıdır. Martın 8-də İtaliya Baş naziri Mario Draqi Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub. Avstriya Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Azərbaycan və Avstriya arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlər yüksək qiymətləndirilib. Tarixən dünya siyasətində xüsusi yer tutan Böyük Britaniya da son zamanlar Azərbaycana olan diqqətini daha da artırıb. Martın 1-də Avropanın digər vacib dövlətlərindən sayılan, hazırda Avropa İttifaqına sədrlik edən Fransanın Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Son 1 ayda isə Prezident İlham Əliyevə zəng edənlər siyahısında NATO-nun baş katibi və Polşa prezidenti də var. Dünən isə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfər edib. XİN rəhbərinin Almaniyada mühüm görüşlər keçirəcəyi deyilir.

Millət vəkili Cavid Osmanov “Şərq”ə bildirib ki, biz ölkəmizə dünya liderlərinin artan marağını, onların bizə tərəf istiqamətlənməsinə şahidlik edirik. Deputatın sözlərinə görə, Azərbaycan hazırda Avropa İttifaqı, Böyük Britaniya və ABŞ üçün vacib beynəlxalq subyektə çevrilib:
“Dünyanın diqqətinin Ukraynada olduğu bir vaxtda son həftələr ərzində Azərbaycan liderinə edilən zənglər, yazılan məktublar bunun bariz göstəricisidir. Həmin dialoqlar zamanı Azərbaycanın bütün sahələrdə onlar üçün vacib tərəfdaş olduğu yüksək qiymətləndirilir, ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqları qeyd edilir. Son 1 ay ərzində Azərbaycan liderinə artan telefon zəngləri və yazılan məktublar, sözsüz ki, rəsmi Bakının beynəlxalq sistemin vacib subyekti olduğunun göstəricisidir. Azərbaycan dünya ölkələrinin hörmətlə yanaşdığı nüfuzlu dövlətə çevrilib. Şübhəsiz, bu, dövlət başçısı İlham Əliyevin düşünülmüş xarici siyasəti sayəsindədir. Azərbaycanın nüfuzunun artması liderimiz İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Ölkə rəhbəri eyni zamanda milli maraqlara söykənən xarici siyasət həyata keçirir və bütün dövlətlərlə əlaqələr bu prinsip əsasında qurulur”.
C.Osmanov qeyd edib ki, Avropa ölkələrinin rəsmiləri Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olduqlarını açıq bəyan edirlər:
“Avropa dövlətləri Azərbaycanla əlaqələrin genişlənməsində yeni əməkdaşlıq platformaları təklif edirlər. Əlbəttə, Qərb ölkələri ilə əməkdaşlıq, əlaqələrin inkişafı Azərbaycanın maraqları baxımından da önəmlidir. Qarşılıqlı münasibətlər ölkəmizin bölgədəki rolunun, nüfuzunun artması ilə yanaşı, regional təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir, iqtisadi dividendlər gətirir”.