Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH

  • Bu layihə artıq digər qlobal güclərin də marağını cəlb edir

Böyük Britaniya Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən regional nəqliyyat və logistika layihələrində iştirak imkanlarını nəzərdən keçirir. Xüsusilə Orta Dəhlizin genişləndirilməsi və “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Britaniya şirkətləri üçün yeni əməkdaşlıq perspektivləri yarada bilər.

London bu istiqamətlərdə iqtisadi imkanlardan yararlanmaqda maraqlı olduğunu bəyan edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında çıxışı zamanı ölkəsinin TRIPP layihəsini dəstəklədiyini və britaniyalı şirkətlərin təşəbbüsə cəlb olunması üçün imkan yaranacağı təqdirdə bundan istifadə etməyə hazır olduğunu bildirib. Diplomat, həmçinin Orta Dəhlizin inkişafının Böyük Britaniya biznesi üçün yeni perspektivlər açdığını vurğulayıb.

Politoloq Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın TRIPP layihəsində iştirakı onun davamlılığına töhfə verəcək addımdır:

“Çünki Böyük Britaniya qlobal siyasətdə mühüm rol oynayan ölkələrdən biridir. Bu ölkəyə məxsus şirkətlərin sözügedən layihəyə qoşulması həm təhlükəsizliyin təmin olunmasına, həm investisiyaların artmasına, həm də bütövlükdə layihənin davamlılığının təmin edilməsinə töhfə verə bilər. Təbii ki, TRIPP davamlı şəkildə fəaliyyət göstərəcəyi təqdirdə, bütövlükdə regionun iqtisadi mənzərəsinə təsir edəcək. İlk növbədə, region ölkələri arasında birbaşa tranzit əlaqələri genişlənəcək. Ardınca isə region dövlətlərinin qlobal nəqliyyat şəbəkəsinə qoşulması üçün zəmin yaranacaq. TRIPP layihəsinin reallaşması və davamlı fəaliyyəti Orta Dəhlizi də gücləndirəcək. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi də TRIPP-dən faydalana bilər. Yəni bütün nəqliyyat xətləri bütövlükdə Azərbaycan üzərində cəmləşir. Digər tərəfdən, TRIPP-in geosiyasi əhəmiyyəti də var. Bu layihə artıq digər qlobal güclərin də marağını cəlb edir. Böyük Britaniyanın prosesə qoşulmaq istəyi də bundan xəbər verir”.

Analitik qeyd edib ki, TRIPP-in davamlılığının təmin edilməsi Orta Dəhlizin perspektivlərini də gücləndirir:

“Çünki TRIPP marşrutu Orta Dəhlizin əsas keçid xətlərindən biri kimi qəbul olunur. Beynəlxalq daşımalar zamanı ən önəmli məsələlərdən biri təhlükəsizliyin təmin edilməsidir. TRIPP layihəsinə müxtəlif qlobal aktorların qoşulması təhlükəsizliyin təmin olunmasına da böyük töhfə verəcək. Böyük Britaniyanın da bu prosesə qoşulması Orta Dəhlizin imkanlarını daha da artıra bilər”.