Baxçalı: Türkiyənin Qafqazla bağlı mövqeyi bunu qaçılmaz edir

“Sabitliyin olmadığı dünyada sabahlar deyil, yalnız dağıntılar böyüyür - nə ədalət cücərir, nə də gələcək qurulur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Türkiyə olaraq Yaxın Şərq, Qafqaz və Şərqi Avropa üçbucağındakı mövqeyimiz, dünyadakı geosiyasi yerimiz səbəbindən qlobal böhranların mərkəzində balanslı xarici siyasət yürütmək məcburiyyətindəyik. Bu, qaçılmaz zərurətdir. Əgər güclü dövlət və millət quruluşu formalaşdırsak, dövlətlə milləti bir-birinə daha sıx bağlasaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir çətinlik yoxdur. Yalnız birlik və həmrəylik sayəsində regional böhranları dəf etmək, qlobal imperializmə qarşı dayanmaq mümkündür”, - MHP lideri bildirib.

Dövlət Baxçalı qeyd edib ki, məhz tarixin bu cür təzahür etdiyi ağrılı keçid dövrlərində dövlətin əsas dayaqları və sütunları, millətin təhlükəsizliyi və rifahı, daxili birliyin əhəmiyyəti və dəyəri sözlə ifadə edilə bilməyəcək qədər çoxşaxəlidir:

“Hər bir dövlətin daxili və xarici müstəvidə müxtəlif məsuliyyətləri var. Ölkənin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək dövlətin xarici müstəvidəki məsuliyyətidir”.