Rusiyanın təzyiq rıçaqları əlindədir - Paşinyanı çətin danışıqlar gözləyir - ŞƏRH

  • Baş nazirin Moskva səfəri gərgin keçəcək. Ermənistanın qaz asılılığı Paşinyanın əl-qolunu bağlayır

Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrda Moskvaya planlaşdırılan səfəri İrəvan-Moskva münasibətlərində yaranmış gərginlik və fikir ayrılıqlarının fonunda diqqət çəkir. Tərəflər arasında xüsusilə enerji təhlükəsizliyi, təbii qaz təchizatı, atom elektrik stansiyasının gələcəyi və Ermənistanın xarici siyasət istiqaməti ilə bağlı ziddiyyətlər mövcuddur.

İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və Qərblə münasibətlərini dərinləşdirmək cəhdləri də Moskvanın narazılığına səbəb olan amillərdəndir. Belə bir şəraitdə Paşinyanın Rusiya paytaxtına səfərinin hansı nəticələrlə yadda qalacağı müzakirə mövzusuna çevrilib. Ermənistanda bəzi siyasi dairələr hesab edirlər ki, Moskva danışıqlar zamanı İrəvana müəyyən məsələləri qəbul etdirməyə çalışacaq və səfərdən müsbət nəticə gözləmək real deyil. “Respublika” partiyasının sədri Aram Sərkisyan da bu qənaətdədir.

O, bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrda Rusiyaya planlaşdırılan səfərindən heç bir müsbət nəticə gözləmir.

“Rusiya “qara kağız” göndərən dövlətdir. Moskvaya səfərdən hansısa müsbət nəticə gözləmək lazım deyil. Orada Paşinyana nəyisə məcburən qəbul etdirməyə çalışacaqlar. Qoy qaz olmasın, bahalı olsun, atom elektrik stansiyası da olmasın, amma gəlin, bu çətinliyi birdəfəlik həll edək və nəvələrimizi bu vəziyyətdə qoymayaq. Xalqımız buna dözəcək”, – siyasətçi bildirib.

Məsələ ilə bağlı Sherg.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Nikol Paşinyanın gələn ay Moskvaya səfəri onun bu il ərzində Rusiya paytaxtına ikinci səfəri olacaq:

“Aprel ayının əvvəlində Vladimir Putinlə Moskvada görüşən Paşinyan hər hansı ciddi razılaşma əldə edə bilmədi. Həmin vaxt Rusiya tərəfi açıq şəkildə Paşinyana təzyiq göstərərək Rusiyaya yaxın şəxslərin seçkilərdə iştirak etməsi üçün şərait yaradılmasını tələb edirdi. Paşinyan, şübhəsiz ki, Samvel Karapetyanla bağlı məsələdə prinsipial mövqe tutdu və Rusiyanın təzyiqlərinə müqavimət göstərdi. Bunun ardınca isə seçkilər ərəfəsində və sonrasında Rusiya tərəfindən Ermənistana ciddi təzyiqlər göstərildiyinin şahidi olduq. Rusiya tərəfindən Ermənistanın kənd təsərrüfatı və digər məhsullarına embarqolar tətbiq olunmasından sonra Paşinyan alternativlər üzərində işləməyə başladı. Avropa İttifaqı da Rusiyanın bu təzyiqlərini azaltmaq üçün Ermənistana iki il müddətinə Aİ ilə ticarətdə güzəştli şərtlər təqdim etdi”.

Analitik qeyd edib ki, Moskvaya bu səfər zamanı da Rusiya və Ermənistan arasında ciddi fikir ayrılığı yaradan məsələlər müzakirə ediləcək:

“Şübhəsiz ki, bu məsələlər ilk növbədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Avrasiya İqtisadi İttifaqında üzvlüyü, eləcə də Avropa İttifaqına üzvlük cəhdləri ilə bağlı olacaq. Rusiya tərəfi açıq şəkildə bəyan edir ki, Ermənistanın Avropa İttifaqına yönəlmiş siyasətini qəbul etmir və onun Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə Avropa İttifaqına üzvlük cəhdləri bir araya sığmır. Nəzərə alsaq ki, KTMT-də də Ermənistanın fəaliyyəti ümumiyyətlə dondurulub. Doğrudur, Paşinyan əslində elə bir siyasət yürüdür ki, onu KTMT-dən məhz təşkilat üzvləri xaric etsinlər. Düşünürəm ki, Paşinyan mümkün qədər manevr etməyə çalışacaq və xüsusilə də qarşıdakı görüşdə Rusiya ilə qaz alış-verişi ilə bağlı müəyyən müzakirələr aparacaq. Bundan başqa, Ermənistanın atom elektrik stansiyasının gələcəyi məsələsi də müzakirə olunacaq. Çünki ötən il avqustun 8-də ABŞ ilə imzaladığı tərəfdaşlıq anlaşmasında Ermənistanda atom elektrik stansiyalarının tikilməsi də nəzərdə tutulur. Bu isə Rusiyanı narahat edən məqamlardan biridir. Çünki Metsamor atom elektrik stansiyasının istismarı Rusiyanın nəzarətindədir və onun da 2036-cı ildə istismar müddəti başa çatır. Rusiya belə bir təzyiq rıçağını əlindən buraxmaq istəmir. Bundan başqa, Ermənistan dəmir yolları və onların gələcəyi ilə bağlı məsələlər də müzakirə olunacaq. Yəni tərəflər arasında ciddi fikir ayrılıqları və müzakirə ediləcək xeyli məsələlər var”.

Paşinyanın bu səfərində narazılıq ab-havasının aradan qaldırılması və müsbət nəticələrin əldə olunmasına gəldikdə isə politoloq söyləyib ki, belə bir ehtimal çox aşağıdır:

“Nəzərə alsaq ki, Paşinyan açıq şəkildə bildirir ki, hər hansı bir qütbün təsiri altında olmaq niyyətində deyil və şaxələndirilmiş, balanslı siyasət həyata keçirməyə çalışır. Çünki o, artıq Rusiyanın qaz və enerji amillərindən istifadə edərək Ermənistana təzyiq göstərdiyini görür. Təbii ki, Rusiyanın Ermənistana bu istiqamətdə təzyiq göstərmək üçün yetərli imkanları var. Nəzərə alsaq ki, Ermənistanda enerji şəbəkəsinin əhəmiyyətli hissəsi Rusiyanın nəzarətindədir. Bundan başqa, Ermənistanın istehlak etdiyi təbii qazın 90 faizi Rusiyadan idxal olunur. Bu baxımdan Rusiyanın həmin istiqamətdə təsir imkanlarının nə qədər geniş olduğu aydındır. Amma Paşinyan mümkün qədər manevr edərək Rusiyanın təzyiqlərini azaltmağa çalışacaq. Buna nail olacaqmı? Kifayət qədər mürəkkəb görünür. Çünki hazırda Rusiyada fərqli bir siyasi xətt müşahidə olunur. Belə ki, Avropa ilə münasibətlərdə, Ukrayna ilə müharibə kontekstində və Qərb qarşısında Rusiyanın irəli sürdüyü tələblər onu göstərir ki, Kreml artıq özündən asılı vəziyyətdə olan ölkələrdəki mövqelərinin dəqiqləşdirilməsini istəyir”.