- Əks halda dinamik qiymət sistemi mənasızlaşır, çünki biletləri əvvəlcədən almaq mümkün deyil
“Sevincim qursağımda qaldı”, buna deyiblər. Bakı-Tbilisi sərnişin qatarına bilet alınması eynən bu məsəldəki kimidir. İllərdir insanlar həsrətlə gözləyirdilər Tbilisiyə sərnişin qatarının açılmasını, valideynlərini, doğmalarını ziyarət edə bilsinlər, toy bir yana, qohum-əqrəbalarının heç olmasa yasında iştirak edə bilsinlər.
Nəhayət Gürcüstan tərəfinin israrı ilə qatar yolu açıldı. Amma bura Azərbaycandır. Yenə də min-bir hoqqa çıxardılar. İnsanlar hətta 1 ay əvvəldən də bilet ala bilmir. Onlayn sistem iflas edib, bəlkə də bilərəkdən iflas etdirilib. Onlayn bilet almağın mümkünsüzlüyünü görənər dəmir yolu vağzalı kassalarına üz tutur, amma orda da bilet almaq mümkün deyil. Yayın istisində uzun növbələrdə dayanan vətəndaşlar kor-peşman qalırlar.
Bilet satışında yaranan problemlərlə bağlı “Sherg.az”a danışan nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd etdi ki, 01 noyabr 2024-cü ildən etibarən dəmir yolunda dinamik qiymətlər tətbiq olunur ki, bu da sərnişin axınının proqnozlaşdırılması üçün yaxşı bir vasitədir. Sərnişin dəmir yolu səyahətində dinamik qiymətlər bilet qiymətinin sabit olmadığı bir sistemdir. O, tələb, alış tarixi, mövcud yerlər və digər marketinq amilləri əsasında real vaxt rejimində avtomatik olaraq yenidən hesablanır:
- Bu o deməkdir ki, dəmir yolu operatorları Gürcüstan paytaxtına və paytaxtdan səfərlər üçün nəqliyyat həcmini əvvəlcədən bilirlər. Lakin bəzi nüanslar var: dinamik qiymətlərlə biletlər əvvəlcədən satışa çıxarılır və bizim vəziyyətimizdə bu müddət çox qısa idi, 30 gün. Lakin sonradan elan olundu ki, biletlər 90 gün əvvəlcədən satışa çıxarılacaq. Bu gün Bakı-Tbilisi xidmətinin 45-ci günüdür, amma satış sistemi hələ də cəmi bir aylıqdır. Hesab edirəm ki, bu məsələ təcili həll olunmalıdır, əks halda dinamik qiymət sistemi mənasızlaşır, çünki biletləri əvvəlcədən almaq mümkün deyil. Bu, sərnişinlərin narazılığına səbəb olur. Sistem bəzən sıradan çıxır, bəzən alınan biletləri bu oturacaqların artıq satıldığı izahatı ilə ləğv edir və s. Buna görə də insanlar ənənəvi üsulla bilet almaq üçün saat 12:30-da dəmir yolu stansiyasının bilet kassasına toplaşmağa məcbur olurlar. Hazırda yalnız Bakı və Gəncədə dəmir yolu vağzalının kassalarında bilet satışı aparılır. Bu marşrut üzrə bütün digər şəhərlərdə yalnız onlayn bilet satışı icra olunur.