- "Şəhər təsərrüfatı ötən əsrdə ilişib qalıb. 1,5 milyonluq şəhərdə 6 milyon insan yaşayır”
Paytaxda yağıntılı hava şəraiti davam edir və təbii ki əhalinin subasma fobiyası yenə pik həddə çatıb. Şəhərimiz nəinki güclü, heç ortabab yağıntılara da güc gələ bilmir. Bakının gücü-qüvvəti çoxdan tükənib. Yağış sularını hara, necə daşıyacağını bilmir, bilə də bilməz. Çünki daşınası deyil.
Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, payız fəslidirsə, yağış da olacaq, leysan da. Bunlar gözləniləndir. Amma:
- Amma hamımız bilirik və görürük ki, şəhər təsərrüfat sistemi yağışlara hazır deyil, yağış sularını idarə etmək gücündə də deyil. Subasmalar olan kimi yağışı günahlandırırlar. Məsələ yağışın az və ya çox yağmasında deyil. Bakıda güclü yağışlar da olub, dizəcən qar da olub. Amma son illərdə şəhər o qədər yüklənib ki. Təsəvvür edin, Bakıda 6 milyon əhali var hazırda. Halbuki şəhər 1, 1.5 milyon əhaliyə hesablanıb vaxtilə. 1,5 milyonluq əhali üçün nəzərdə tutulmuş şəhərdə 6 milyon əhali yerləşib. Şəhər təsərrüfatını 6 milyonluq əhali üçün uyğun vəziyyətə gətirməyə ən azı 7-8-10 rəqəmli pullar lazımdı. Və uzun bir müddət. Bakıda Nikolaydanqalma borular da var, bolşeviklərdənqalma borular da, sovetdənqalma borular da. Hamısı köhnə, istifadə müddəti ötən əsrdə bitmiş bir təsərrüfat sistemidir. Bunu düzəltmək üçün dediyim kimi, külli miqdarda vəsait və uzun bir zaman lazımdır. Yağış varsa, yağış suyu da olacaq və bu məsələlər düzələnədək subasma da olacaq.