Bakıda TIR xaosu: Ağır tonnajlı maşınlar yollarda “durna qatarı”na çevrildi

  • Yük avtomobilləri üçün bir sıra yollarda nişanlar qoyulub, günün hansı saatında, nə qədər yüklə hərəkət edə bilərlər

Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda ağır tonnajlı yük maşınının aşması nəticəsində tıxac yarandı, avtomobillərin hərəkəti iflic oldu. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilirdi ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Nəinki şosse və magistral yollarda, çox zaman şəhərin içində gündüz saatlarında da, hərəkətin intensiv olduğu vaxtlarda TIR-ların “durna qatarı” kimi ard-arda düzüldüyünü, eləcə də ağır texnikaların hərəkət etdiyini görürük. Bu, əlbəttə ki, yollarda sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, asfalt örtüyünə də ziyan vurur. TIR-lar da, yük avtomobilləri də hərəkət etməlidir, təbii ki. Amma bu cür ağır avtomobillər üçün ayrıca vaxt rejimi, yükün miqdarı da müəyyənləşməlidir. Belə avtomobillər üçün xüsusi zolaqların ayrılması, baryerlərin qoyulması digər avtomobillər üçün daha təhlükəsiz şərait yaradar.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, TIR-lar, yaxud yük avtomobilləri üçün xüsusi zolaqların ayrılması təcrübəsi yoxdur. Amma onlar bütün digər iştirakçılar kimi yol-hərəkəti qaydalarına əməl etməlidirlər:

Magistral yollarda yük, ağır tonnajlı maşınların hərəkət etməsinə hər hansı məhdudiyyət yoxdur. Praktikada belə bir hal mövcud deyil ki, məsələn, bu avtomobillər üçün ayrıca zolaq ayrılsın, bu, məqsədəuyğun deyil. Sadəcə, yük avtomobilləri reqlamentə uyğun davranmalıdırlar, yükün ağırlığı icazə verilən qədər olmalıdır ki, belə hallar baş verməsin. Yük avtomobilləri üçün bir sıra yollarda nişanlar qoyulub, günün hansı saatında, nə qədər yüklə hərəkət edə bilərlər. Bu qaydalar yollarda sıxlığın azalması və yol örtüyünün sıradan çıxarılmaması məqsədi daşıyır. Həmin qəzanın hansı səbəbdən, hansı şəraitdə baş verdiyi açıqlansa, daha dəqiq analiz verilə bilər. Yük icazə veriləndən artıqmı olub, avtomobildə texniki nasazlıq olubmu, sürücü idarəetmədə səhvə yol veribmi? Bunlar bilinmir deyə, mülahizə yürütmək də çətindir.