Baş nazir hesabat verdi
"Problemləri birdən-birə həll etmək mümkün deyil"
Əli Əsədov:"Taxıl ehtiyatlarımızı dəfələrlə artırmaq üzərində çalışırıq"
Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclas keçirilib. İclasın gündəliyinə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı daxil edilib. İclasda Baş nazir Əli Əsədov, Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökumət üzvləri iştirak ediblər. Baş nazir Əli Əsədov vurğulayıb ki, hesabata əsasən, Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 milyon 828 min manat proqnoza qarşı 33 milyon 903,7 min manat, yaxud 42,3 faiz icra olunub. Bu, 2020-ci illə müqayisədə 38,6 faiz çoxdur.
“2021-ci ildə ölkəmizdə inkişaf dinamikası davam edib”
Baş nazir deyib ki, 2021-ci ildə də Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib. O bildirib ki, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı sərəncam imzalayıb: “Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub. Peyvəndləmə prosesinin artımı, sosial təcrid tədbirlərinin yumşaldılması nəticəsində ölkəmizdə iqtisadi fəallıq bərpa olunub”.
Əli Əsədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib: “2021-ci ildə yeni silahlar alınıb və ordumuzun müdafiə qabiliyyəti yüksəldilib. Komando qruplarının yaradılması ordumuzun döyüş hazırlığının artırılmasından xəbər verir”.
“İnflyasiya təzyiqləri yüksəlib”
Ə.Əsədov bəyan edib ki, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfə üstələyir: “2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 faiz azalıb. 2021-ci ildə dövlət borcunun idarə olunması, şəffaflığın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Büdcə qaydasının tətbiqi artıq bərpa olunub. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 faiz faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyasının payına düşür. Məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib. Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, ərzaq təhlükəsizliyi təmin edilsin”.
“Azad olunmuş ərazilərin bərpası üçün ötən il ayrılan 2,2 milyard manat vəsait tam icra olunub”
Baş nazir qeyd edib ki, respublikada iqtisadi rayonların sayı 14-ə çatdırılıb: “Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı ötən il büdcədən ayrılan 2,2 milyard manat vəsait, demək olar ki, tam icra olunub. Cari ilin dövlət büdcəsində də bu məqsədlər üçün eyni miqdarda vəsait nəzərdə tutulub. Azad olunmuş ərazilərdə sosial infrastruktur layihələri bölgənin inkişafına mühüm təkan verir. Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və davam etməkdədir”.
Baş nazir vurğulayıb ki, 2021-ci ildə azad olunmuş ərazilərin minalardan təmizlənmə əməliyyatları nəticəsində 20 min hektardan çox ərazi təmizlənib: “Görülmüş tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilərin sahəsi 2 dəfə artırılacaq və 40 min hektar ərazi minalardan təmizlənəcək. Azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq azad olunmuş torpaqların ərazilərində 100 min hektar ərazidə əkin işləri aparılacaq. Ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarına sahib çıxmağımız bu sahənin inkişafı potensialını daha da artırır”.
“Hökumətin qarşısında bir sıra tapşırıqlar var”
Baş nazir Əli Əsədov bildirib ki, qlobal bazarda ərzaq bahalaşmasının ölkəyə təsirinin azaldılması və ərzaq təhlükəsizliyinin təmini əsas vəzifələr sırasındadır: “Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq. Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir. Daxili bazarda ərzaq təhlükəsizliyi istiqamətində tədbirlər görmək məqsədilə Dövlət Ehtiyatlar Agentliyi yaradılıb. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi-mədəni irsin bərpası, orada əhali üçün şəraitin yaradılması dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulan əsas prioritetdir”.
“Ölkəmizdə əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyatlar yaradılıb”
Əli Əsədov deyib ki, qonşu ölkələrin maliyyə bank sistemlərinin üzləşdiyi təsirlər Azərbaycana təsir etməyib: “Bizim maliyyəmiz stabildir, milli valyutamız dayanıqlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir”.
Ə.Əsədov bəyan edib ki, minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir: “Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 mln. şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3000-dən artıq mənzil təqdim edilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 mln. manat vəsait ayrılıb”.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təqdim olunub”
Baş nazir qeyd edib ki, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında 2021-ci il 2 fevral tarixli Sərəncamı imzalanıb”. Ə.Əsədov qeyd edib ki, sərəncamın icrasının təmin edilməsi və Milli Prioritetlərə uyğun olaraq, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabineti tərəfindən 5 Milli Prioriteti əhatə edən 10 alt İşçi Qrupu yaradılıb: “Hökumət tərəfindən Strategiya artıq təsdiq üçün təqdim olunub”. Baş nazir bildirib ki, bununla belə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür: “Bunun nəticəsi olaraq ölkəmizdə əsas (ərzaq) məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”.
“Antiinflyasiya tədbirləri iqtisadi siyasətin mühüm istiqamətlərindəndir”
Əli Əsədov deyib ki, antiinflyasiya tədbirləri hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, sözügedən tədbirlər işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məqsədi daşıyır. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub: “Təsadüfi deyildir ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə ortaillik inflyasiya 6,7 faiz, illik inflyasiya isə 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyanın payına düşüb. Ə.Əsədov qeyd edib ki, tədiyə balansının profisitli olması və qəbul edilmiş makro-fiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləyib, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib: “Antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir”.
“Su ehtiyatlarımıza yenidən sahib çıxmağımız imkanlarımızı artırır”
Baş nazir bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşıl enerjinin real tətbiqi istiqamətində konkret tədbirlər görülür: “Təbii olaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı da artırır. İşğaldan azad edilmiş ərazilərin elektrik təchizatı infrastrukturunun yaradılması və respublikanın enerji sisteminə inteqrasiya olunması işləri uğurla davam etdirilir. Yeri gəlmişkən, bu gün cənab Prezidentin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikiləcək 230 MVt gücündə günəş elektrik stansiyasının (225 mln. ABŞ dollarından çox) təməli qoyulur”.
"11-12 cür ərzaq məhsulu üzrə problemlər var"
Əli Əsədov diqqətə çatdırıb ki, millət vəkilləri öz seçicilərinin adından fikirlərini səsləndirirlər, çıxışlarında təriflər də, tənqidlər də olur: “Ancaq əsas məqam ondan ibarətdir ki, Milli Məclisin və hökumətin amalı birdir. Problemləri birdən-birə həll etmək mümkün deyil”.
Ə.Əsədov qeyd edib ki, ehtiyatlarımızı, o cümlədən taxıl ehtiyatlarımızı dəfələrlə artırmaq üzərində çalışırıq: “Məsələ tək taxılda deyil. Uşaq qidasından başlamış digər məhsullarda da qiymət artımları var. Minimum istehlak səbətinə aid olan 11-12 cür ərzaq məhsulu üzrə problemlər var. Hökumət bu məsələlərlə məşğul olur”.
“300-dən çox rayon və kənd dağıdılıb, bərpası 1 ilin işi deyil”
Baş nazir deyib ki, illər boyu komunalla, yolla, enerjiylə bağlı məsələlər qaldırılır: “Qazlaşma ilə əlaqədar demək istəyirəm ki, 97 faiz qazlaşma ən böyük qaz ixrac edən ölkələrdə də yoxdur. Problemlər var və o istiqamətdə işlər görüləcək. Ümumiyyətlə, bizim iqtisadi durumumuz və vəziyyətimizi yada salım. 2019-cu ildən başlayaraq neft qiymətləri aşağı düşdü, dünyanı və Azərbaycanı pandemiya bürüdü. Tətbiq edilən məhdudiyyətlər şəraitində həm dövlət müəssisələri, həm dövlət təşkilatları, həm də özəl şirkətlər qapanırdı. 2020-ci ildə uzun illər arzumuz olan Qarabağ məsələsini nöqtələdik. Burada mən bunun hərbi, maliyyə hissəsinə toxunmayacam. Ancaq şəhidlərimiz, qazilərimiz və onların ailə üzvlərinə göstərilən qayğı var. Ermənistanla olan sərhədlərin qurulması əsas prioritetdir. 300-dən çox rayon və kənd dağıdılıb. Bunların bərpası 1 ilin işi deyil”.
“Qarabağın dirçəldilməsi 1-2 ilin işi deyil”
Baş nazir qeyd edib ki, azad olunmuş ərazilərdə 16 layihə üzrə 1500 km yol çəkilib: “Azad olunmuş torpaqlarda şirkətlərin hansı şəraitdə çalışdığını yəqin ki, ora gedənlər bilir. Qarabağın dirçəldilməsi 1-2 ilin işi deyil. Məcburi köçkünlərin Qarabağa qaytarılması üçüm layiqli həyat şəraiti yaradılmalıdır. Layiqli həyat şəraiti insanlar üçün hazırlanır. Uzun illər məcburi köçkünlər üçün nə lazımdır edilmişdi, amma onlar illər boyu öz torpaqlarına qayıtmağı ölkə başçısından istəyiblər. Qarabağ bizim üçün bir nömrəli məsələdir. Digər rayonlarda, bölgələrdə yaşayan insanların da tələbatını ödəmək lazımdır. İmkana, uyğun olan maliyyə vəziyyətinə baxılaraq onların da işinə baxılacaq. Azərbaycan hökuməti üçün bütün Azərbaycanın rayonları eynidir. Hansısa rayonda, bölgədə texniki və digər məsələlərlə əlaqədar rəqəmlərdə fərq ola bilər. Ancaq yanaşma eynidir”.