"Bir gün çox azdır"

"Burda elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox"

Sabir Rüstəmxanlı: "Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik"


“Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmir: “Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”. S.Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin. Spiker Sahibə Qafarova isə bildirib ki, S.Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.

“Kür adında ekoloji fəlakətin astanasındayıq”

Deputat Fazil Mustafa qeyd edib ki, ölkəmiz Kür adında ekoloji fəlakətin astanasındadır: “Bu problem vaxtında həll edilməyib. İş adamları xaricə qaçır, orada da fəlakət baş verəndə ölkə itkilərə məruz qalır. Ukrayna nümunəsi var. Ukraynada nə qədər vətəndaşımızın biznesi, qoyduğu sərmayə batdı. Hökumət mütləq maliyyə amnistiyası verməli, tikinti amnistiyası olmalıdır. Tikinti-əmlak amnistiyasına getməliyik. Müvafiq sənədləri olmadan inşa edilmiş yaşayış evləri və onların altındakı torpaq sahələri ilə bağlı qanunvericilik aktı hazırlanıb, Milli Məclisə təqdim edilsin, biz də vaxt itirmədən qəbul edək”.

“Digər sahələrdə də israfçılığa yol veririk”

Deputat Tahir Rzayev deyib ki, israfçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var: “Toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur. Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır. Digər tərəfdən, deyirlər ki, qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq. Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.

“Klinikalarımızda böyük növbələr var”

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, əhali icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfi çərçivəsində 2500-dən çox xidmət ala bilər. Onun sözlərinə görə, əvvəllər insanlar üçün əlçatmaz olan bir çox tibbi xidmətlər artıq pulsuz əhaliyə təqdim edilir: “Əhali tərəfindən icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı narahatlıqlar mövcuddur. Birinci, bir çox yüksək texnologiyalı əməliyyatların həyata keçirilməsi üçün klinikalarımızda böyük növbələr var. İcbari tibbi sığorta zərfinin genişlənməsinə də böyük ehtiyac var. İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi gələcəkdə bunu nəzərə almalıdır. Azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılmasına başlanıldığını da qeyd etmək istərdim”.

“Bakı-Quba yolu çox bərbad vəziyyətdədir”

Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bakı-Quba yolunun bərpasına vəsait ayrılmasını xahiş edib: “Bakı-Quba yolu çox bərbad vəziyyətdədir. Bu yolla gedib-gəlmək qeyri-mümkündür. Quba, Qusar turizm bölgəsidir, əvvəllər çox insanlar bu yerlərə gedirdilər. Amma yolun bu hala düşməsindən sonra gedənlərin sayı xeyli azalıb. Baş nazirdən xahiş edirəm ki, bu yolun təmirinə vəsait ayırasınız. Çünki mən sual ünvanlayanda aidiyyəti qurumlar deyir ki, alternativ yol çəkiləcək. Amma o yol tezliklə çəkilməyəcək. Ona kimi mövcud yol təmir edilsə, yaxşı olar”. 
Deputat Azər Badamov isə bildirib ki, Qusar rayonunun bir çox kəndləri qazlaşdırılmayıb: “Son 4 ildə Qusar rayonunda heç bir dənə də yaşayış yerinin qazlaşdırılması baş verməyib. Baxmayaraq ki, ölkə üzrə qazlaşdırma 96 faizi keçib. Müvafiq qurumdan Qusar rayonunun kəndlərinin qazlaşdırılması məsələsinə baxılmasını istəyirəm”.

“Rusiyadan pul göndərilməsində axsama olacaq”

Millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki, 2021-ci ildə muzdla çalışan işçilərin sayının 2020-ci ilə nisbətən artdığı hesabatda qeyd edilib, 20 min yeni iş yerinin açıldığı bildirilib: “Bu rəqəm çox azdır. Bu, bizi qane edə bilməz. Başqa diqqətçəkən məqam isə odur ki, ərzaq məhsullarının inflyasiyası 8 faizdən çoxdur. Xaricdən pulların göndərilməsində də Rusiyada olan problemlər səbəbindən axsamalar olacaq. Bu isə əhalinin müəyyən sosial problemlərlə üzləşməsinə səbəb ola bilər”. Q.Həsənquliyev 2021-ci ildə respublikanın sənaye sektoruna 7 milyarddan çox, qeyri-neft sektoruna isə 1 milyarddan çox vəsait qoyulduğunu xatırladıb, bunu çox kiçik rəqəm adlandırıb.

“Deputatlarla nazir müavinləri görüşsün...”

Deputat Cavid Osmanov deputatlarla Baş nazirin müavinlərinin görüşünün keçirilməsini təklif edib: “Bu, rayonlardakı problemlərin həlli üçün yaxşı nəticə verə bilər. Baş nazirin müavinləri ilə deputatlar rübdə bir dəfə rayonlarda olan problemləri müzakirə etsinlər. Bununla hesabat iclasına qədər rayonlarda olan problemlərin həllinə daha çox nail ola bilərik. Bu həm də hökumət və parlament arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olar”.