Ermənistan faktlardan qaça bilməz
Ümid edək ki, Beynəlxalq Ədalət Məhkəməsində ermənilərin Azərbaycanın ekologiyasına vurduğu ziyana qiymət veriləcək
Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib. Bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb. O qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.
Qeyd olunub ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirib. Dinləmələr Azərbaycanın 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr olunub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Şərq"ə deyib ki, rəsmi açıqlamalara görə, Azərbaycan Vyana Konvensiyasını rəhbər tutaraq Ermənistan dövlətini beynəlxalq arbitraja verib. Ekspertin sözlərinə görə, bu addım Bern Konvensiyasına uyğun atılıb:
"18 yanvar 2023-cü ildən bu prosedur başlayıb. Bern Konvensiyasına görə, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində ətraf mühitə və biomüxtəlifliyə geniş miqyasda ziyan dəydiyi üçün Ermənistanın məsuliyyətə cəlb edilməsini istəyir. Bir məqamı qeyd edim ki, bu prosedur birdən-birə başlanmayıb. Bundan ötrü öncədən ciddi araşdırmalar aparılmalı, əldə kifayət qədər faktlar olmalı və həmin faktlar düzgün qiymətləndirilməlidir. Həmçinin beynəlxalq səviyyəli mütəxəssislər regiona dəvət olunmalıdır. Torpaqlarımıza vurulmuş zərər, törədilmiş vandallaq, təbiətə dəymiş ziyan tam dəqiqliyi ilə hesablanmalı və bundan sonra beynəlxalq arbitraja çıxarılmalıdır. Bu mərhələyədək isə proses müəyyən prosedurlardan keçməlidir. Bu, bir ilkdir. Sual olunurdu ki, dəymiş zərərin hesablanması, Ermənistandan təzminatın tələb olunması məsələsi nə yerdədir? Hələlik işğal dövründə ərazilərimizdə təbiətə və ətraf mühitə vurulmuş ziyanla bağlı ilk iddianı qaldırmışıq. Gələcəkdə işğal zamanı Azərbaycan dövlətinin və vətəndaşlarımızın mülkiyyətinə vurulmuş zərərlə, eyni zamanda sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı iddialarla çıxış etmək hüququnu da özümüzdə saxlayırıq. Məndə olan məlumata görə, bu istiqamətdə də beynəlxalq təcrübəsi olan təşkilatların Azərbaycana dəvət edilməsi, birlikdə iş aparılması reallaşır".
Ç.Qənizadə vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsində ermənilərin Azərbaycanın ekologiyasına vurduğu ziyanın açıq şəkildə nümayişi keçirilib: "Ermənistan bu faktlardan qaça bilməz. Digər dinləmələrdə Laçın yolunun bağlanması ilə faktların olmadığını Azərbaycan tərəfi kifayət qədər nümayiş etdirib. Foto və videogörüntülər təqdim olunub. Laçın yolunun humanitar məqsədlər üçün tam açıq olduğu beynəlxalq təşkilatlara və digər rəsmilərin diqqətinə çatdırılıb. Ermənilərin cəfəng iddialarının öz əksini tapmaması və Beynəlxalq Ədalət Məhkəməsinin prosedur qaydada işə başlaması göstərir ki, Azərbaycan tərəfi bu məsələdə israrlıdır. Məlumdur ki, ərazilərimizdəki yeraltı və yerüstü sərvətlərin talan edilməsində xarici şirkətlər iştirak ediblər. Ermənistan tərəfinin məhkəmələrə təzyiq etmək üçün fəaliyyət göstərəcəyi şübhəsizdir. Ancaq ümid edirik ki, Azərbaycan tərəfini təmsil edən hüquqşünaslar təqdim edilən faktları müdafiə etmək imkanlarını ortaya qoyacaqlar və Bern Konvensiyasına uyğun olaraq qətnamənin qəbul olunmasına nail olacaqlar".