“Hörmüz kartı işə düşdü, iqtisadi mesajlar müharibədən daha təhlükəli olur”
Yaxın Şərqdə formalaşan geosiyasi dinamika ABŞ, İsrail və İran arasında getdikcə daha mürəkkəb və çoxqatlı gərginlik mühitinin yaranmasına səbəb olub. Bu qarşıdurma yalnız hərbi və təhlükəsizlik sahələri ilə məhdudlaşmır. Eyni zamanda diplomatik proseslər, iqtisadi təzyiq mexanizmləri və informasiya müharibəsi vasitəsilə də davam etdirilir. Nəticədə regionda baş verən hadisələr ənənəvi münaqişə çərçivəsindən çıxaraq daha geniş miqyaslı strateji rəqabət modelinə çevrilib.
Bu kontekstdə tərəflərin davranışları təkcə real güc balansı ilə deyil, həm də qavrayışın idarə olunması və beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlarla müəyyən olunur. Belə bir şəraitdə baş verən hər bir hadisə həm yerli, həm də qlobal səviyyədə müxtəlif siyasi və iqtisadi nəticələr doğura biləcək potensial daşıyır. Buna görə mövcud vəziyyətin təhlili yalnız faktların təsviri ilə deyil, onların arxasında dayanan strateji məntiqin anlaşılması ilə mümkündür.
Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Sherg.az-a bildirib ki, ABŞ-İsrail-İran xəttində 55-ci günə çatan gərginlik “yüksək risk” səviyyəsində qalmağa davam edir:
"Bu müharibə yalnız regiondakı hərbi hərəkətliliklə izah edilə biləcək vəziyyət deyil. Bununla yanaşı tərəflərin strateji mesajlaşma formaları və qavrayışı idarəetmə praktikaları da prosesin əsas müəyyənedici faktorları arasında yer alır. Kağız üzərində davam etdirilən atəşkəs qarşılıqlı çəkindirmə üzərində qurulmuş kövrək tarazlığı ifadə edir. Buna görə mövcud tabloyu “müharibə ilə sülh arasında asılı qalmış hibrid böhran vəziyyəti” kimi xarakterizə etmək daha analitik çərçivə yaradır.
İranın Hörmüz Boğazında həyata keçirdiyi hərbi əməliyyata dair görüntüləri ilk dəfə ictimaiyyətə təqdim etməsi bu kontekstdə təkcə hərbi nümayiş deyil. Bu, çoxqatlı strateji kommunikasiya addımı kimi dəyərləndirilməlidir. Qlobal enerji təchizatının təxminən üçdə birinin keçdiyi bu kritik boğaz yalnız regional təhlükəsizlik balansları baxımından deyil, həm də qlobal geoekonomik sistemin ən həssas düyün nöqtələrindən biridir. Buna görə İranın iki gəminin ələ keçirildiyini göstərən görüntüləri paylaşması birbaşa hərbi nəticələrdən daha çox beynəlxalq sistemə verilən mesajlar üzərindən məna qazanır. Bu mesaj üç əsas ölçüdə təhlil edilə bilər.
İlk olaraq, İran bu cür görüntülər vasitəsilə daxili ictimaiyyətə rejimin nəzarət qabiliyyətinin davam etdiyini və xarici təzyiqlərə baxmayaraq çəkindirmə gücünü qoruduğunu göstərməyi hədəfləyir. Uzun müddətdir davam edən iqtisadi sanksiyalar, maliyyə izoliyası və xarici siyasi təzyiqlər nəzərə alındıqda, bu cür əməliyyat uğuru narrativləri rejim üçün hərbi ilə yanaşı siyasi legitimlik istehsalı vasitəsidir. Daxili siyasi birləşmənin gücləndirilməsi baxımından bu cür simvolik güc nümayişləri mühüm funksiyaya malikdir".
Analitik qeyd edib ki, ikinci olaraq, bu addım regional aktorlara, xüsusilə ABŞ və İsrailə yönəlmiş “asimmetrik çəkindirmə qabiliyyəti” vurğusudur:
"İran konvensional hərbi güc balansında dezavantajlı olduğu sahələri dəniz nəqliyyat xətlərini təhdid edə bilmə və ticarət axınlarını dayandırma qabiliyyəti ilə kompensasiya edə biləcəyini göstərir. Bu vəziyyət klassik çəkindirmə nəzəriyyəsindən daha irəli gedərək “xərci artırma strategiyası” kimi xarakterizə oluna biləcək təhlükəsizlik yanaşmasına işarə edir. Yəni İran birbaşa müharibə qazanmaqdan daha çox, qarşı tərəf üçün münaqişənin maliyyətini artırma strategiyası izləyir.
Üçüncü və daha geniş miqyaslı ölçü isə qlobal aktorlara yönəlir. Hörmüz Boğazında baş verən hər hansı hərbi hərəkətlilik birbaşa enerji qiymətlərinə, sığorta xərclərinə və qlobal təchizat zəncirlərinə təsir göstərir. Buna görə İranın bu görüntüləri yayması beynəlxalq ictimaiyyətə dolayı yolla “gərginlik nəzarətdən çıxarsa, bunun bədəli qlobal olacaq” mesajını verir. Bu, xüsusilə Avropa və Asiya iqtisadiyyatları üzərində dolayı təzyiq yaradan incə geoekonomik manevr kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, sahədə atəşkəsin tam şəkildə reallıq tapmaması tərəflərin münaqişəni tam dayandırmaq əvəzinə aşağı intensivlikdə və nəzarətli formada davam etdirməyi seçdiyini göstərir. Bu vəziyyət ədəbiyyatda “uzadılmış çəkindirmə böhranı” modeli kimi tanınır. Bu modeldə tərəflər birbaşa genişmiqyaslı müharibədən yayınarkən vəkil qüvvələr, məhdud əməliyyatlar və psixoloji müharibə vasitələri ilə qarşılıqlı təzyiqi davam etdirirlər. Beləliklə münaqişə tam sona çatmır, lakin nəzarətli bir səviyyədə saxlanılır".
Politoloq söyləyib ki, Hörmüz Boğazında həyata keçirilən əməliyyat, ona aid görüntülərin paylaşılması mövcud böhranın hərbi ölçüsündən daha çox strateji kommunikasiya və geoekonomik təzyiq mexanizmləri üzərindən formalaşdığını göstərir:
"Qısa müddətdə tammiqyaslı müharibə ehtimalı aşağı görünsə də, tərəflərin geri addım atmaması bu kövrək tarazlığı davamlı eskalasiya riski altında saxlayır. Buna görə bölgədəki mövcud vəziyyət statik sülh deyil, dinamik və yüksək dəyişkənliyə malik böhran strukturudur.
İsrail mediasında yer alan və ABŞ administrasiyasının Donald Tramp vasitəsilə İsrailə atəşkəsin bitmə tarixini əvvəlcədən bildirdiyi yönündəki iddia təsdiqlənməmiş olmasına baxmayaraq mühüm analiz sahəsi açır. Bu cür xəbərlər yalnız məzmunun doğruluğu baxımından deyil, həm də hansı strateji kontekstdə dövriyyəyə buraxıldığı baxımından qiymətləndirilməlidir.
Əgər bu iddia doğru olarsa, bu, ABŞ-nin yalnız böhranı idarə edən deyil, eyni zamanda prosesi müəyyən bir zaman çərçivəsi daxilində yönləndirən aktor olduğunu göstərir. Bu isə münaqişənin spontan inkişaf edən bir böhran deyil, nəzarətli eskalasiya modeli daxilində irəlilədiyi fikrini gücləndirir. Tramp adının burada ön plana çıxması isə məsələni daha da mürəkkəbləşdirir. Rəsmi vəzifədə olmasa da, Trampın ABŞ daxili siyasətindəki təsiri onun qeyri-rəsmi diplomatik kanallar və ya qavrayış idarəetmə mexanizmləri daxilində rol oynaya biləcəyi ehtimalını gündəmə gətirir".
Müsahibimiz vurğulayıb ki, bu cür təsdiqlənməmiş məlumatların mediada yer alması beynəlxalq böhranların xarakterik xüsusiyyətidir:
"“Məlumat savaşı” kimi adlandırılan bu prosesdə təsdiqlənməmiş və ya sızdırılmış məlumatlar çox vaxt strateji məqsədlərlə dövriyyəyə buraxılır. İsrail mediasında bu iddianın yer alması həm daxili ictimaiyyətə ABŞ ilə koordinasiyanın davam etdiyi mesajını verməyi, həm də İrana qarşı psixoloji təzyiq yaratmağı hədəfləyə bilər. Eyni zamanda bu vəziyyət Vaşinqtonun bölgədəki münaqişələri tam həll etməkdən daha çox idarə edilə bilən gərginlik səviyyəsində saxlama yanaşmasını da əks etdirir.
Dolayısıyla bu iddianın doğruluğundan asılı olmayaraq əsas məsələ onun niyə məhz bu zamanda və hansı siyasi kontekstdə gündəmə gətirilməsidir. Bu cür məlumatlar çox vaxt həm reallığı əks etdirir, həm də eyni zamanda strateji qavrayış istehsalının bir hissəsi kimi funksional rol daşıyır.
İran mediasında yer alan və Hörmüz Boğazı üzərindən həyata keçirilən keçidlərdən əldə edilən ilk rəsmi gəlirin Tehrana çatdığı yönündəki xəbər də oxşar şəkildə strateji mesaj xarakteri daşıyır. Bu cür açıqlamalar maliyyə inkişafını bildirməkdən daha çox İranın regional və qlobal sistemdəki mövqeyini yenidən formalaşdırma cəhdinin bir hissəsidir.
Hörmüz Boğazı yalnız ticarət marşrutu deyil, həm də geoekonomik təzyiq və rıçaq sahəsidir. Buna görə burada gəlir əldə edildiyinin açıqlanması texniki maliyyə göstəricisi deyil, siyasi mesajdır. İran bu cür açıqlamalarla sanksiyalara baxmayaraq iqtisadi axın kanallarının tam bağlanmadığını göstərməyə çalışır".
M.G.Özçubukcunun sözlərinə görə bu iddia üç səviyyədə oxuna bilər:
"Burada, daxili siyasi səviyyədə iqtisadi dayanıqlılıq və rejim legitimliyi vurğulanır. Həmçinin regional səviyyədə İranın boğaz üzərindəki nəzarət qabiliyyəti gücləndirilir və qlobal səviyyədə isə enerji bazarlarına yönəlmiş risk və qeyri-müəyyənlik siqnalı yaradılır. Verilən siqnal neft və qaz qiymətlərində risk premiyasına təsir edə biləcək geoekonomik vasitədir.
Nəticə etibarilə, Hörmüz Boğazı üzərindən əldə edildiyi iddia olunan gəlir axını texniki iqtisadi göstəricidən daha çox İranın həm daxili ictimaiyyətə, həm regional rəqiblərə, həm də qlobal bazarlara yönəlmiş çoxqatlı strateji mesajıdır. Bu vəziyyət mövcud böhranın yalnız hərbi deyil, eyni zamanda iqtisadi narrativlər üzərindən formalaşan dərin geoekonomik rəqabət mühiti olduğunu açıq şəkildə ortaya qoyur".