Dialoq təklifinin məhz indi - Qarabağda son əməliyyatdan sonra edilməsi xüsusilə əhəmiyyətlidir
Prezident Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağ ermənilərinə növbəti təklifini edib. Erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşə çağırılıb. Xatırladaq ki, Xocalıda rus sülhməramlılarının vasitəçiliyi ilə baş tutan ilk görüş ictimaiyyətdə birmənalı qarşılanmamışdı.
Ermənilərlə dövlət nümayəndələri arasında təmasların vasitəçisiz və bizim nəzarətimizdə olan şəhərlərdə keçirilməsinin daha məqsədəuyğun olacağı vurğulanmışdı. Lakin separatçılar mülki ermənilərin rəsmi Bakı ilə görüşlərinə qarşı çıxaraq, rus sülhməramlılarının iştirakını tələb kimi irəli sürüblər. Təmasların Bakıda baş tutmasını da istəməyiblər. Bir müddət əvvəl Qarabağ separatçılarının “dövlət naziri” vəzifəsindən qovulan Ruben Vardanyan da bu məsələyə burnunu soxub. Sosial şəbəkə hesabında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmasına qarşı çıxışlar səsləndirən rusiyalı emissar bu dəfə də analoji fikirlərini təkrarlayıb. Vardanyan videomüraciətində vurğulayıb ki, Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəs Qarabağdan qovulmalıdır. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası Qarabağın “müstəqilliyini” heç zaman müzakirə mövzusu etməməli və Qarabağdakı separatçı rejim əsla Azərbaycanın tərkibinə daxil olmamalıdır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, ermənilərin Bakıya gəlmək istəməməsinin bir neçə səbəbi var. Analitikin sözlərinə görə, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərin bunu qəbul etdiyi anlamı daşıyır:
"Bu görüntünün formalaşmasını istəmirlər. Separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtında qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər. Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu, hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb və sadəcə, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq. Son nəticədə Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar".
Siyasi şərhçi Asif Nərimanlı da bildirib ki, reinteqrasiya və Qarabağda infrastruktur layihələrinin müzakirəsi təklifinin məhz indi - Qarabağda son əməliyyatdan sonra edilməsi xüsusilə əhəmiyyətlidir. Ekspertə görə, separatçıların Ermənistana çıxış yollarının bağlanması onlar ətrafında halqanı daraldır:
"Nəfəs yolları bağlanan ermənilərə çıxış yolu təklif edilir - Bakıda reinteqrasiya məsələlərini müzakirə etmək. Bakıda ilk görüş təklifi ilə ikinci təklif arasında əsas fərq son əməliyyat nəticəsində ermənilərin imtina etmək imkanlarının daralmasıdır.
Hərçənd, separatçıların ermənilərin adından bu təklifdən imtina edəcəyi ehtimalı daha böyükdür. Çünki Bakıya gəlmək öz iddialarından imtina etmək və inteqrasiya prosesini qəbul etmək deməkdir. Azərbaycan bunu anlayır və məhz Bakıda görüş üzərində israr etməklə separatçıları, həm də onları dəstəkləyənləri dilemma qarşısında qoyur. Ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da onların Qarabağdakı erməni əhalisinin təmsilçisi olmadığı və təmaslara mane olduqları növbəti dəfə təsdiq olunacaq.
Bu, Bakının separatçılara qarşı addımlarını legitimləşdirən amildir. PA-nın görüşün Bakıda keçirilməsi təklifini yenidən irəli sürməsi Azərbaycanın ermənilərlə təmasları vasitəçisiz keçirmək niyyətindən imtina etmədiyini də təsdiq edir".