XXI əsrdə tarixi yalnız güclü dövlətlər deyil, güclü liderlər yazır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi dünya miqyaslı lideri var! Məhz Prezident İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti və dahiyanə diplomatiyası Azərbaycanı 30 illik əsarətdən zəfərə apardı, ölkəni sülhün, inkişafın və qardaşlığın məkanına çevirdi. Bu, sadəcə siyasət deyil - bu, tarixin axarını dəyişən Zəfər doktrinasıdır!
Dəmir yumruqdan diplomatik masaya keçid
44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və regionda yeni reallıq yaratdı. Müharibədən sonra isə əsas mərhələ başladı - sülhün formalaşdırılması.
Bu mərhələdə Azərbaycan yalnız qalib kimi deyil, həm də regionun gələcək təhlükəsizlik və əməkdaşlıq çərçivəsini müəyyən edən tərəf kimi çıxış etdi. Prioritet isə qarşıdurmanın davamı deyil, sabitliyin institusional əsasda qurulması oldu.
Enerji siyasəti və beynəlxalq etimad
Azərbaycanın mövqeyini gücləndirən əsas amillərdən biri də enerji diplomatiyasıdır. Xüsusilə qlobal enerji böhranı fonunda ölkənin Avropaya çıxardığı resurslar onun strateji əhəmiyyətini artırdı.
Bu gün Azərbaycan təkcə enerji ixrac edən deyil, həm də etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə siyasi və iqtisadi sabitliyin paralel inkişafını təmin edən əsas faktorlardan biridir.
Sülh prosesində yeni mərhələ
Cənubi Qafqazda sülh gündəliyi artıq nəzəri müzakirə mərhələsindən praktik nəticələr mərhələsinə keçib. Ərazi bütövlüyü və suverenlik prinsiplərinin qəbul olunması regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.
Bu yanaşma “dondurulmuş münaqişələr” modelindən çıxış edərək yeni siyasi reallıq formalaşdırır.
Yeni geosiyasi rol: masa quran dövlət
Perspektiv aydındır. Azərbaycan artıq masada əyləşən deyil, masa quran tərəfdir. Zəngəzur dəhlizi açılanda, Orta Dəhliz tam qüvvəsi ilə işləyəndə Bakı Çindən Avropaya uzanan ticarət qapısına çevriləcək. Ticarət olan yerdə müharibə ehtimalı sıfırlanır. Bu, sülhün iqtisadi qarantiyasıdır. Beləliklə, Azərbaycanın sön dönəm təcrübəsi göstərdi ki, kiçik dövlətlər də qlobal gündəlik yarada bilər. Bunun üçün 3 şərt vacibdir: hərbi potensial, iqtisadi resurs və siyasi iradə. Prezident İlham Əliyev bu üçbucağı qapadı. Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə yeni kateqoriya yaradır. O, ”sülh ixrac edən dövlət”dir. Sabitlik isə XXI əsrdə ən dəyərli valyutadır.
Ziyafət Həbibova,
siyasi elmlər doktoru, professor