“Qarabağ”da yol verdiyi intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyev karyerasını böyük ölçüdə ölkə xaricində davam etdirəcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, futbolçunun adı “Neftçi” ilə yanaşı çəkilsə də, bu, birmənalı olaraq müzakirə mövzusu belə deyil.
Paytaxt təmsilçisinin camiəsində adı belə keçməyən gənc müdafiəçinin transfer qiyməti Azərbaycan reallığında yerli klublar üçün əlçatmazdır. “Qarabağ” daha öncə hazırda illik maaşı yarım milyon manat civarında olan futbolçu üçün 2.5 milyon avro tələb edirdisə, son məlumatlara görə, qapısını döyən elçilərə güzəştə gedəcək.
Yəni, Ağdam təmsilçisi 1 - 1.5 milyon avro transfer haqqı ödənilməklə Elvin Cəfərquliyevin xarici klublardan birinə keçməsinə imkan yaradacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov tərəfindən bağışlanma ehtimalı çox aşağı olan futbolçu, yalnız ölkə xaricində çıxış etməklə karyerasını xilas edə bilər.
Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la gələn ilin yayınadək sözləşməsi var.