- "Bizdə tam tərsidr. Problem araşdırılmadan, müzakirəsi aparılmadan qərar verilir, görəndə ki işək olmadı, başlayırlar başqa və daha səhv qərarlar verməyə..."
Oktyabrın 1-dən bank kartları ilə bağlı yeni qadağalar tətbiq ediləcək. Eyni bankda eyni valyutada yalnız bir aktiv debet kartının açılması mümkün olacaq. Debet kartlara tətbiq edilən yeni qaydalara əsasən, eyni bankda eyni valyutada yalnız 1 aktiv debet kəşbek kartınız ola bilər. İkinci və ya üçüncü debet kartı əldə etmək istəyənlər kartı başqa valyuta ilə açmalı olacaq.
Kəşbek katlarına gəlincə, müəyyən şərtlərlə 2 kəşbek kartı almaq olar, lakin bu, birbaşa olaraq kartların növündən (debet və ya kredit) və bankların daxili siyasətindən asılı olacaq. Yəni, banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyacaq. Bununla bağlı banklara təlimatlar göndərilib. Vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikinci kartı sifariş verə bilməyəcək.
Xatırladaq ki, kartdan karta ödənişlərlə bağlı bu il avqustun 1-dən etibarən yeni qaydaların tətbiq edildi. Gün ərzində kartdan karta ödənişlərə limit qoyuldu. Bunu vergidən yaylnmaların qarşısının alınması məqsədilə edildiyi bildirilirdi, lakin çoxbilmiş əhalimiz bu qadağadan yayınmağın yolunu da tapıb artıq.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, kreativ vətəndaşlarımız kart qadağasından yayınmağın yolunu da tapacaq. Sherg.az-a açıqlamasında N.Cəfərli qeyd etdi ki, bank kartları ilə bağlı müxtəlif qadağalar tətbiq etməklə nə iqtisadiyyatı inkişaf etdirmək mümkündür, nə də nağdsız alış-verişi daha da təşviq etmək, əksinə insanlar nağd alış-verişə daha çox yönəlirlər:
- Bir müddət əvvəl "card to card" məsələsi ilə bağlı mənasız qərar qəbul etdilər, məhdudiyyətlər gətirdilər, elə qərar olan gün dedik ki, bu, mənasız yanaşmadır, insanlar 1 əvəzinə 5-6 kart açacaqlar. Belə də oldu. Bunda məqsəd, güya vergidən yayınmanın qarşısını almaq idi. Amma, məntiqlə əvvəl ciddi müzakirə olmalı idi ki, kiçik-orta sahibkarlar niyə vergidən yayınmağa can atırlar, nədir onların problemi, niyə nəğdsiz ödənişlərlə bağlı infrastruktur bahalıdır, nə səbəbə pos-terminalların xidmət haqqı bizdə qonşu ölkələrdən 2-3 dəfə bahadır?! Niyə hər pos-terminal üçün aylıq haqq, hardasa, 20 manat, nağdsız ödənişlər zamanı sahibkardan tutulan xidmət haqqı isə 2% civarında olmalıdır?! Axı bu da faktiki vergidir, xərcdir. Tez-tələsik, nəticələri düzgün hesablanmamış qərar əks effekt verdi. Sonra anladılar ki, bizim vətəndaşlar hökumətdən daha kreativdir, indi 1 yox, 5 kart alıb o mənasız məhdudiyyətdən yan keçə bilirlər. İndi də qərar verdilər ki, manatla hər bankdan cəmi 1 kart ala bilərsən. Bu da işlək olmayacaq, mənasız məhdudiyyətdir. Birincisi, bankların işinə müdaxilədir, ikincisi, indi bir nəfər öz adına 1 kart açacaqsa, qohum-əqrabası adına da yenə lazım olduğu qədər karta sahib olacaq. Absurd qərarlar verənlər anlamalıdır ki, dünyada iki məsələnin qarşısını inzibatı və manasız yolla, qadağalarla almaq mümkün deyil; pul və ideya. Hətta, SSRİ belə bunu bacarmadı, nə pulun, nə ideyanın qarşısını ala bildi, bizdə də indi eyni səhv yolla gedilir. Əvvəlcə problem doğru təsbit edilməli, həll yolları müzakirə olunmalı, lap sonda qərar verilməlidir. Bizdə isə tam tərsidr. Problem araşdırılmadan, müzakirəsi aparılmadan qərar verilir, görəndə ki işək olmadı, başlayırlar başqa və daha səhv qərarlar verməyə. Bununla iqtisadiyyat boğulur, aşırı tənzimləmə, qadağa, məhdudiyyətlər, yüksək vergilər, əlavə qeyri-qanuni və qanuni xərclər zəifləmiş iqtisadiyyatı daha da batırır.