Həsən bəy Zərdabinin heykəlinin yerini dəyişmək lazım deyil - Asəf Quliyev

Həsən bəy dünyasını dəyişəndə Bakıda həm məsciddə, həm kilsədə, həm də sinaqoqda onun ruhuna ehtiram məqsədi ilə ayinlər təşkil olunub

"Son günlər böyük Həsən bəy Zərdabinin heykəlinin yeri müzakirə olunur".

"Sherg.az"ın xəbərinə görə, bunu araşdırmaçı-jurnalist Asəf Quliyev deyib. 

Ekspert bildirib ki, heykəlin yerini dəyişmək lazım deyil: 

"Mərhum yazıçı Fərman Eyvazlı “Qaçaq Kərəm” romanında qəhrəmanın dilindən belə söz deyir: "Əjdaha harda otursa ora baş sayılır". Zərdabi olduğu yerdə kiçik görünürsə, deməli biz bir qövm olaraq Zərdabidən uzaqlaşmışıq. Həm də tək Zərdabidən yox.. Elə Axundovdan da, Cabbarlıdan da, Hacıbəyovdan da... Biz bir qövm olaraq ona qayıtsaq, o harda olmasından asılı olmayaraq yenə böyük görünəcək. Bir dəfə mərhum professor Rəhman Bədəlovla Zərdabi haqqında söhbət edirdik. Maraqlı bir fakt dedi. Həsən bəy dünyasını dəyişəndə Bakıda həm məsciddə, həm kilsədə, həm də sinaqoqda onun ruhuna ehtiram məqsədi ilə ayinlər təşkil olunub".

Qeyd edək ki, ötən gün xalq yazıçısı Anar Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsi təklif edilib. Anar bildirib ki, həmin heykəl Şəhriyar adına klubla üzbəüzə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsə yaxşı olar.