Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ

  • “Gəncləri kənddə saxlamaq üçün pul vermək lazım gələcək” 

Belə mülahizələr var ki kəndlərin boşalması sürətlənəcək. Əsas səbəb kimi də kənd camaatının təsərrüfatla, əkin-biçinlə məşğul olmaq üçün imkanların məhdudluğu göstərilir. Həm maddi baxımdan, həm də torpaq, örüş sahələri, su qıtlığı, qiymətlərin bahalığı ümumən kənd əhalisinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Kəndinin qazanc mənbəyi çox dar olduğundan su, işıq, təbii qaz xərclərini ödəyə bilmir.

Kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq imkanları daraldıqca kəndlilər də şəhərə üz tutur. Kəndlər boşalır, şəhər sıxlaşır. Kənd boşalırsa, heyvandarlıq da tənəzzül edir, taxılçılıq, əkinçilik, meyvə-tərəvəzçilik də. Şəhərdə daş binalar nə qədər gəlir gətirə bilər, istər dövlətə, istər insanlara? Daş binalar yalnız bir qrup şəxsin mənafeyinə xidmət edir. Bəs nə edək, necə edək ki kəndlərimiz boşalmasın? 

İqtisadçı Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bildirdi ki, kəndlərin boşalmasının qarşısını tamamilə almaq, yəni böyük ölçüdə qarşısını almaq qeyri-mümkün görünür. Hətta kənd təsərrüfatı inkişaf etmiş Nuderlandda belə şəhərdən gənclərin kəndə köçməsi üçün ayrıca təşviq mexanizmi hazırlanıb: 

- Evlə təmin olunma, torpaq sahələrinin verilməsi, fermer təsərrüfatlarının inkişafı, böyüməsi üçün dövlət dəstəyi, uzunmüddətli güzəştlər və sair. Regionları inkişaf etmiş ölkələrdə kənddən şəhərə köç prosesi bir qədər ləng gedir, amma harda ki regionlar zəif inkiaşf edib, orada proses sürətlə gedir. Ona görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da birmənalı şəkildə qeyd edir ki, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə prosesi tam dayandırmaq mümkün deyil. Azərbaycan üçün regionlara yönəlik yanaşmada bir neçə məqamı xüsusi vurğulamaq istərdim. Birincisi, regionlarda iş yerləri kənd təsərrüfatından kənara çıxmalıdır. Onsuz da kəndlərdə 35-36 faiz məşğulluq kənd təsərrüfatının payına düşür. Və bu qədər böyük həcm olanda yaradılmış dəyərdə adambaşına düşən gəlirin səviyyəsi az olur. Bu da insanları qane etmədiyinə görə şəhərlərə üz tuturlar. Buna görə də iş yerləri kənd təsərrüfatı sektorundan kənara çıxmalıdır. Yalnız kənd təsərrüfatının inkişafına fokslanmaq olmaz. Kənd təsərrüfatı inkişaf etməlidir, amma təkcə bununla kənd əhalisinin şəhərlərə köçünün qarşısını almaq mümkün olmayacaq. İkincisi, düşünürəm ki, istehsalı, istehsal müəssisələrini regionlara aparmaq üçün iqtisadi stimul paytaxtdakından daha yüksək səviyyəyə qaldırmağa çalışılmalıdır. Digər bir istiqamət olaraq məsələ, gənclərin kəndlərdə qalması üçün ayrıca iqtisadi stimul düşünürəm ki, bu prosesə müsbət təsirini göstərər.  Məsələn, rəqəmsal infrasturtur regionlarda yüksək səviyyədə təmin olunmalıdır. Bu, yol infrastrukturu, elektrik, qaz infrastrukturu kimi çox vacibdir. Bunlar çox önəmlidir. Bundan əlavə, düşünürəm ki, bütün regionlara eyni siyasət tətbiq edilməməlidir. Aqrar, üzümçülük, meyvəçilik, heyvandarlıq və sair istiqamətlər üzrə regionlar var, bunların hər birinə uyğun siyasət işlənməlidir. Kənd təsərrüfatında isə əsas məqsəd istehsal olunan məhsulun həcmi yox, o məhsuldan fermerin nə qədər gəlir əldə edəcəyi olmalıdır. Proseslərin effktiv olması üçün dövlət satınalmalarında bilavasitə regional istehsal üçün stimullaşdırıcı amillərin nəzərə alınması faydalı olardı.