- Gürcüstanda qatar gecikəndə 50 faiz kompensasiya ödənilir, Azərbaycanda sərnişinin haqqı heç qorumur
Niyə Gürcüstan kimi ola bilmirik? Bir çox məsələlərdə onlardan geri qalırıq. Məsələn, Gürcüstan Dəmir Yolları qatarın gecikməsinə görə sərnişinlərə kompensasiya ödəyir. Bu barədə nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağairzəyev məlumat verib:
“Gürcüstanda qatar gecikərsə, sərnişinə kompensasiya ödənilə bilər. Gürcüstan dəmir yollarında sərnişin hüquqlarının qorunması istiqamətində diqqətçəkən yeni yanaşma tətbiq olunur. Yeni qaydalara əsasən, qatar dəmir yolu müəssisəsinin təqsiri üzündən gecikərsə və sərnişin təyinat məntəqəsinə 60 dəqiqə və ya daha çox gecikmə ilə çatarsa, kompensasiya tələb etmək hüququ əldə edəcək. 60–120 dəqiqə gecikmə -bilet qiymətinin 25%-i, 120 dəqiqə və daha çox gecikmə - bilet qiymətinin 50%-i.
Bununla yanaşı, sərnişinə gecikmə barədə məlumat verilməsi, səfərin alternativ marşrutla davam etdirilməsi və ya bilet vəsaitinin geri qaytarılması kimi seçimlər də təqdim olunmalıdır. Bu yanaşma vacib bir prinsipi önə çıxarır: dəmir yolunda gecikmə yalnız texniki məsələ deyil, həm də xidmət keyfiyyəti və sərnişin hüquqları məsələsidir. Qatarın gecikməsi zamanı sərnişinə sadəcə məlumat vermək deyil, həm də alternativ seçim, kompensasiya və xidmət standartlarının təmin edilməsi müasir dəmir yolu xidmətinin əsas elementlərindən biri olmalıdır. Dəmir yolu nəqliyyatının rəqabət qabiliyyəti yalnız qatarların sürəti və yeni vaqonlarla deyil, həm də sərnişinə qarşı məsuliyyətli münasibətlə ölçülür. Sərnişin bilet alarkən yalnız bir yerdən digər yerə getmək üçün deyil, həm də müəyyən keyfiyyət və vaxt standartlarına uyğun xidmət almaq üçün ödəniş edir”.
Yəni, vətəndaşın -sərnişinin zamanına hörmət edir, itirilmiş zamana görə üzr istəyir və bunu maddi şəkildə kompensasiya edirlər. Bizdə isə uzaq başı “narahatlığa görə üzr istəyirik” deyirlər. Amma insanların itirilmiş zamanı heç nə ilə qarşılanmır.
Elə bu gün Bakı-Ağstafa qatarı Gəncəyə 2 saat gecikmə ilə çatıb. Bunu sosial şəbəkə istifadəçisi Leyla Turan yazıb:
-Azərbaycan Dəmir Yollarının xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar. Bilirəm, bəlkə də gecikmə onların nəzarətindən kənar səbəblərlə bağlı olub. Amma nəticədə sərnişin üçün fərq etmir - insan yolunu planlaşdırır və vaxtında çatacağına güvənir. 11:55-də Gəncədə olmalıydıq. Gəlib çatmışıq 13:45-də. Olmaz axı belə. Hər kəs narazılığını bildirdi. İnsanlar saatlarla yolda qalacaqsa, bu, heç də yaxşı təəssürat yaratmır.