
Paşinyan xalqının taleyi ilə oynayır
Brüssel və Kişinyov görüşündə də ciddi nəticə olmayacaq
Qarabağda praktik addımlarla prosesi tamamlamaq ən doğru variantdır
İyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan liderləri də iştirak edəcəklər. Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, ehtimal var ki, həmin gün Vaşinqtonda müzakirə edilən sənəd əsasında "Münasibətlərin Tənzimlənməsi Müqaviləsi" adlanan sülh sazişi də imzalansın. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna da Moldovada tərəflər arasında görüşün keçiriləcəyini istisna etmədiyini bildirib. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanması ehtimalı barədə sualları cavablandırıb. Baş nazir sülh sənədi imzalanarsa, sevinəcəyini söyləyib: "İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram". Paşinyan Kişinyovda liderlər səviyyəsində görüşün olacağını inkar etməyib. Azərbaycan və Ermənistan liderlərinin Moldovada görüşü barədə xəbərlər hələlik rəsmi şəkildə təsdiqlənməyib. Tərəflər bununla bağlı hər hansı açıqlama verməyiblər. Lakin siyasi şərhçilər liderlərin görüşünü istisna etmirlər.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca isə Kişinyovda keçiriləcək. Analitik vurğulayıb ki, liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir:
"Bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır. İrəvanın sülhdən uzaq tələbləri var. İrəvan “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığını istəyir. Bu, Azərbaycan Ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər. İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır. “Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir. Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir. Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır. Nikol Paşinyan “1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir? Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi “1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda Azərbaycan və Ermənistan liderləri, Fransa Prezidenti və Almaniya kansleri arasında “dördtərəfli görüş” keçiriləcək".
Ekspertin sözlərinə görə, Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir:
"Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır. Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır. Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı. Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır. Bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir. Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İrəvana Qarabağ planının da nəzərə alınması üçün lazımdır. Ötən il Praqada keçirilən “dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə “sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu. İyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq. Bu kimi məsələlər bölgədə praktik olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Bakının buna imkan verməyəcəyi də bəllidir".
A.Nərimanlı əlavə edib ki, ötən il Praqada “dördtərəfli görüş”də Paşinyan “sərhəd” məsələsində nəzəri olaraq, önə çıxsa da, dövlət başçısı İlham Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu: "Ötən il Makronun Praqada “əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Fransaya alternativ irəli sürür. Kişinyov görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi.
İstisna deyil ki, ölkə başçısı İlham Əliyev bu görüşə Şolzun da iştirakı şərti ilə razılaşıb. Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur. Çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub. Eyni mövqeyin növbəti görüşdə də sərgilənəcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək.
Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktik olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktik addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Laçına post quran Bakının da bu prinsip üzərindən hərəkət etdiyi görünür".