Amsterdam Universitetinin tədqiqatçıları insanın musiqini duymaq bacarığının bioloji əsaslara söykəndiyini və körpələrdə doğulduqdan dərhal sonra müşahidə olunduğunu müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, sözügedən elmi iş "Current Biology" jurnalında dərc olunub.
Aparılan araşdırmalar sübut edib ki, körpələr danışığı öyrənməzdən və ya mədəni mühitlə təmasa keçməzdən xeyli əvvəl melodiya və ritmləri hiss edə bilirlər. Bu, musiqi bacarığının yalnız sonradan öyrənilən bir xüsusiyyət deyil, insan beyninin anadangəlmə qabiliyyəti olduğunu göstərir.
Tədqiqat nəticələrinə görə, uşaqlar kiçik yaşlarından səsləri tonlarına görə ayıraraq ritmik ardıcıllığı dərk etməyi bacarırlar. Məhz bu ilkin mexanizmlər gələcəkdə musiqinin mənimsənilməsi üçün təməl rolunu oynayır. Mədəniyyət isə prosesə daha sonra müdaxilə edərək, musiqi ənənələrini, istifadə olunan alətləri və janrları formalaşdırır.
Mütəxəssislər bildirirlər ki, musiqi həssaslığı kompleks bir prosesdir. O, özündə ritmi duymaq, səs modellərini yadda saxlamaq, emosional cavab vermək və melodiyanın gedişatını təxmin etmək kimi funksiyaları birləşdirir. Bu proseslər beyinin ayrı-ayrı şöbələrini işə salır.
Maraqlıdır ki, nitq və musiqi beyində fərqli yollarla emal olunur. Məsələn, anadangəlmə amusiya (musiqini dərk edə bilməmə) diaqnozu olan şəxslər danışığı normal öyrənsələr də, musiqi elementlərini anlamaqda çətinlik çəkirlər. Bu, hər iki sistemin bir-birindən asılı olmadığını sübut edir.
Tədqiqatçıların fikrincə, musiqi ayrı bir funksiya kimi yaranmayıb; o, hərəkət, hiss və səs qavrayışı kimi daha qədim mexanizmlərin vəhdəti nəticəsində formalaşıb. Məhz buna görə də musiqi insanın motorikasına, əhval-ruhiyyəsinə və yaddaşına birbaşa təsir edə bilir.
Alimlərin qənaətinə görə, anadangəlmə musiqi qabiliyyətinin dərk edilməsi gələcəkdə musiqi terapiyasının tətbiq dairəsini genişləndirə bilər. Bu üsuldan emosional vəziyyətin yaxşılaşdırılması, motorika problemlərinin həlli və nitqin bərpası zamanı daha səmərəli istifadə etmək mümkündür.