"Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan strateji sazişlər, regional geosiyasi münasibətlərin dərinləşməsində müstəsna rol oynayır”.
Azərbaycan 44 günlük müharibədə qazandığı hərbi-siyasi qələbəni bu gün iqtisadiyyat və logistika sahəsində zirvələrə daşıyır. Mayın 18-də Bakıda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsinin tamamlanmasına dair Protokol imzalandı. Artıq bu gün BTQ dəmir yolu xəttinin açılış mərasimi keçirilib.
Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin yüksək rütbəli dövlət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, BTQ dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb.
Bəs strateji layihə Cənubi Qafqaz ölkələrinə hansı üstünlükləri qazandırır?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın tranzit gəlirlərinin artmasına mühüm töhfə verəcək:
“BTQ dəmir yolu xətti Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Bu marşrut Orta Dəhlizi gücləndirəcək. Bakı Limanı Orta Dəhlizin ən mühüm strateji qovşağıdır. Çindən yola düşən konteynerlər Mərkəzi Asiyadan keçərək Xəzər dənizinə, oradan isə gəmilər vasitəsilə Bakı Limanına çatdırılır. Burada qəbul edilən yüklər BTQ dəmir yolu xətti ilə Gürcüstan və Türkiyə üzərindən keçməklə Avropaya nəql olunur. Tranzit daşımalarının həcmi artdıqca, göstərilən logistik xidmətlər müqabilində Azərbaycana daxil olan xarici valyuta kütləsi də eyni dərəcədə çoxalır”.
Ekspertin sözlərinə görə, regional münaqişələrin yaratdığı nəqliyyat riskləri fonunda Azərbaycan, Avrasiya tədarük zəncirində stabilliyi təmin edən “loqistik sığınacaq” mərkəzinə çevrilib:
“Azərbaycanda qeyri-neft iqtisadiyyatının yüksəlişi birbaşa olaraq tranzit yollarının səmərəliliyindən asılıdır. Yerli məhsullarımızın Avropa bazarlarında rəqabət qabiliyyətini artırmaq üçün logistika və nəqliyyat xərcləri minimuma endirilməlidir. Tranzit prosedurlarının sadələşdirilməsi və daşınma xərclərinin azalması, yerli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdıracaq və ölkəyə qeyri-neft valyutasının axınını sürətləndirəcək”.
Ə.Əlibəyli qeyd edib ki, BTQ dəmir yolu Cənubi Qafqazın logistik müstəqilliyinin təminatçısıdır:
“Strateji koridor region ölkələrini kənar güclərin nəqliyyat asılılığından azad edir. Ötən gün fəaliyyətə başlayan və regionun iqtisadi arxitekturasını müəyyən edən Bakı Enerji Həftəsi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin mərkəzində dayanan sarsılmaz gücünü növbəti dəfə bütün dünyaya diktə etdi. Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan strateji sazişlər, regional geosiyasi münasibətlərin dərinləşməsində müstəsna rol oynayır”.