İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi ABŞ ilə İran arasında hərbi münaqişənin yenidən alovlana biləcəyini istisna etməyib.
Oxu.Az "Defapress" nəşrinə istinadən xəbər verir ki, general Tehran və Vaşinqton arasında aparılan danışıqların dalana dirəndiyini bildirib.
"ABŞ bizdən tam təslim olmağı tələb edir, İran xalqı isə heç vaxt təslim olmayacaq. Təslim olmaqdansa, müharibə qaçılmazdır. Bizim bir çox imkanlarımız var və lazım gələrsə, onlardan istifadə edəcəyik", - deyə general qeyd edib.
O, İranın hələ bütün hərbi potensialını ortaya qoymadığını vurğulayıb. Ölkənin müdafiə sənayesinin vəziyyətinə toxunan Əsədi əlavə edib ki, keçmiş müharibələr zamanı müəyyən itkilər verilsə də, hazırda fəaliyyət göstərən istehsal və hərbi dəstək mərkəzləri ciddi şəkildə gizli saxlanılır və düşmən bu obyektlərin yerini bilmir.