400 illik Vatikan şifrəsinin sirri açıldı: Süni intellekt 34 müəmmalı simvolu “danışdırdı”

Vatikan arxivlərində 400 ildən çoxdur oxunmadan qalan və “Borq şifrəsi” kimi tanınan 408 səhifəlik əlyazmanın sirri süni intellektin köməyi ilə qismən açılıb.

Sherg.az xəbər verir ki, tədqiqatçılar 34 sirli simvol, latın və ərəb hərfləri ilə şifrələnmiş mətn üzərində işləyərək onun əsasən dizenteriya və digər xəstəliklərin müalicə üsullarından bəhs etdiyini müəyyən ediblər. Əlyazmada yer alan bəzi hissələrin itməsi və mürəkkəb şifrələmə sistemi onun deşifrəsini uzun illər mümkünsüz edib.

Beata Megyesi rəhbərlik etdiyi tədqiqat qrupu süni intellektdən istifadə edərək mətnin məzmununu müəyyənləşdirib. Alimin sözlərinə görə, hər simvolun və işarənin açılması “itirilmiş tarixə aparan detektiv araşdırmasına” bənzəyib.

Araşdırmada həmçinin məlum olub ki, süni intellekt qədim şifrəli mətnlərin oxunmasını xeyli sürətləndirir. Mütəxəssislərin məlumatına görə, yeni sistemlər 500 simvolluq şifrəli mətni təxminən 29 dəqiqə ərzində deşifrə edib ingilis dilinə tərcümə edə bilir.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə yüz illərdir sirr olaraq qalan tarixi sənədlərin, unudulmuş dillərin və naməlum hadisələrin üzə çıxarılmasına kömək edəcək.