Son xəbərlər

“Ermənistan hələ də Rusiyanın forpostu olaraq qalır” -ŞƏRH

Cavanşir Abbaslı: “Rusiya hərbi bazası Ermənistanda qaldığı müddətdə sərhədçilərin çıxarılması ciddi məna kəsb etmir”

Ermənistanın Rusiya ilə münasibətlərində təhlükəsizlik sahəsi üzrə yeni dəyişikliklər gündəmə gəlib. Baş nazir Nikol Paşinyan açıqlayıb ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq və ölkənin sərhədlərinin mühafizəsi ilə bağlı məsuliyyət tam şəkildə Ermənistanın üzərinə keçəcək. Paşinyan indiyədək Ermənistan sərhədlərinin mühafizəsində iştirak etdiklərinə görə Rusiya sərhədçilərinə təşəkkür etsə də, artıq bu sahədə müstəqil fəaliyyət göstərməyin vaxtının çatdığını bildirib. Bu açıqlama İrəvanın Moskva ilə münasibətlərində baş verən dəyişikliklər, Ermənistanın təhlükəsizlik siyasətində yeni prioritetləri və regionda qüvvələr balansının gələcək taleyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bəs Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək? 

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bikdirib ki, Paşinyanın Rusiya səfəri ərəfəsində bu tipli açıqlama verilməsi, eyni zamanda Avropa İttifaqına üzvlük məsələsini davam etdirəcəklərini bəyan etməsi imitasiya xarakterli addımlardan başqa bir şey deyil.



“Hər kəs Paşinyanın səfəri zamanı nələrin müzakirə ediləcəyini gözləyir və çox ciddi məsələlərin müzakirə olunacağı ehtimal edilir. Hesab edirəm ki, rus sərhədçilərinin çıxarılması regionda o qədər də ciddi dəyişikliklərə səbəb olmayacaq. Hələ ki, bu barədə qərar verilməyib, sadəcə, onların çıxarılacağı ilə bağlı fikirlər Paşinyanın dilindən səsləndirilib. Bu qərar tam yerinə yetirildikdən sonra məsələ barədə tam əminliklə və rahat danışmaq olar. Amma istənilən halda unutmayaq ki, Ermənistanda 102-ci Rusiya hərbi bazası yerləşir. Belə bir hərbi bazanın ölkədə mövcud olduğu şəraitdə sərhədçilərin çıxarılması ciddi məna kəsb etmir. Əsas məsələ 102-ci Rusiya hərbi bazasının çıxarılmasıdır. Ermənistan isə bu gün belə bir addım atacaq gücdə deyil. Həmin hərbi baza Ermənistanda qaldığı müddətdə bu tipli addımlar sadəcə xalq arasında müəyyən qədər dəstək qazanmağa və özünü müstəqil göstərməyə yönəlib. Amma hər kəsə məlumdur ki, belə bir hərbi bazanın Ermənistanda mövcudluğu ölkənin hələ də Rusiyanın forpostu olaraq qalmaqda davam etdiyini göstərir”.

Analitik qeyd edib ki, sərhədçilər çıxarılsa belə, Rusiya əlindəki ən ciddi rıçaqdan – Ermənistandakı 102-ci Rusiya hərbi bazasından istifadə edərək istədiyini həyata keçirə bilər:

“Ona görə də Avropa İttifaqına üzvlük məsələsini gündəmdə saxlayacaqlar. Məsələn, Paşinyan səfər siyasətini davam etdirsin. Amma indiki situasiyada hər kəsə məlumdur ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü xəyaldan başqa bir şey deyil. Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması o qədər də ciddi dəyişikliklərə səbəb olmayacaq və regionda güc balansının dəyişməsinə heç bir təsir göstərməyəcək. Hesab edirəm ki, Rusiya hərbi bazası Ermənistanda qaldığı müddətdə bu tipli addımları ciddiyə almaq lazım deyil”.