Türkiyə və Azərbaycan, eləcə də Gürcüstan və İranla enerji əlaqələrinin inkişafı Ermənistanın enerji sisteminin sabitliyini artırmağa imkan verəcək.
Teleqraf xəbər verir ki, bu fikri Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Kostanyan hesab edir ki, tənqidlər həm də psixoloji və siyasi amillərlə bağlıdır. Onun sözlərinə görə, Ermənistan 30 ildən çoxdur ki, "kirpi kimi" təcrid olunmuş şəkildə yaşamağa çalışır, lakin belə bir yanaşma uğur gətirməyib.
"Tarix göstərir ki, bu, uğura aparmır. Avropa İttifaqını nümunə götürsək, müəyyən bir məqamda Avropa ölkələri əlavə qarşılıqlı əlaqə sayəsində hər biri üçün daha əhəmiyyətli iqtisadi nəticələr əldə etməyin mümkün olduğunu anladılar", - deyə rəsmi qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanla, eləcə də Gürcüstan və İranla əlavə enerji əlaqələri Ermənistanın enerji sistemini daha sabit edəcək. Kostanyan xatırladıb ki, Ermənistan artıq Gürcüstanla müvafiq proqramlar həyata keçirir və İranla üçüncü elektrik ötürücü xətti çəkir.
Türkiyənin enerji sistemi ilə mümkün yaxınlaşma mövzusuna toxunan o, Türkiyənin yüksək texniki və tənzimləyici standartlarla fəaliyyət göstərən Avropa enerji məkanının bir hissəsi olduğunu bildiri: "Hazırda ada metodu adlanan üsuldan istifadə edərək Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqənin təmin edilməsi məsələsi müzakirə olunur. Gələcəkdə tam sinxronizasiyadan danışsaq, bu, sistemimizi Avropa standartlarına uyğunlaşdırmalı olacağıq"
Onun sözlərinə görə, bu halda söhbət təkcə Türkiyə ilə sinxronizasiyadan deyil, həm də Avropa enerji məkanına qoşulmaqdan gedəcək. Bunun üçün texniki tələblərini təqdim edən Avropa enerji şəbəkəsinin razılığı tələb olunacaq.