Son xəbərlər

Şuşada, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur - Ərdoğan

  • Türkiyə Prezidenti bildirib ki, Zəngəzur keçidinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturunu gücləndirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur keçidinin açılmasının Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrini gücləndirəcəyini, Türkiyə ilə Türk dünyası arasında yeni bağlantı imkanları yaradacağını bildirib.

Sherg.az xəbər verir ki, Ərdoğan Beynəlxalq Qafqaz Konqresi münasibətilə göndərdiyi müraciətdə bu layihənin region üçün əhəmiyyətinə toxunub.

Türkiyə lideri konqresin İğdır şəhərində alimləri və iştirakçıları bir araya gətirməsini yüksək qiymətləndirərək, tədbirin faydalı müzakirələrə və ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ərdoğan Qafqazın tarixinin Türkiyənin də tarixi olduğunu vurğulayaraq, bu coğrafiyanın xalqları ilə əsrlər boyu həm sevincin, həm də kədərin bölüşüldüyünü qeyd edib. Onun sözlərinə görə, ortaq tarixdən alınan güc gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları region miras qoymaq məsuliyyətini yaradır.

Türkiyə Prezidenti Azərbaycanla müttəfiqlik münasibətlərinə də toxunub. O, Prezident İlham Əliyevlə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiklərini xatırladıb.

“Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur”, - deyə Ərdoğan bildirib.

“Qafqazın sülhü və rifahı üçün çalışacağıq”

Türkiyə lideri Qarabağ Zəfərinin sevincini Azərbaycanla birlikdə yaşadıqları kimi, Qafqazda sülh və rifahın təmin olunması üçün də eyni qətiyyətlə çalışacaqlarını vurğulayıb.

O bildirib ki, Zəngəzur keçidinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasında əlaqələrə yeni imkan yaradacaq.

Ərdoğanın sözlərinə görə, İpək Yolu marşrutlarında ticarətin canlanması, əməkdaşlığın genişlənməsi və xalqlar arasında əlaqələrin möhkəmlənməsi bütün regiona fayda gətirəcək.

Ortaq gələcək mesajı

Prezident Qafqazın sülhün davamlı olduğu, qonşu ölkələrin ticarət apardığı və hər bir dövlətin ümumi rifahdan faydalandığı regiona çevrilməsinin vacibliyini qeyd edib.

Ərdoğan İğdırda keçirilən konqres çərçivəsində aparılacaq elmi müzakirələrin və fikir mübadiləsinin ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə inandığını bildirib. O, tədbirin təşkilində əməyi olanlara təşəkkür edib, iştirakçılara və İğdır sakinlərinə salamlarını çatdırıb.