Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vəcəd dekabrın 16-da ölkəsinə qayıtmağı planlaşdırdığını açıqlayıb. O, 2025-ci ildə qiyabi olaraq ölüm hökmünə məhkum edilib.
Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Sabiq baş nazirin sözçüsü Seyid Mozammel Əli onun ölkəyə qayıtmaq üçün hazırkı hökumətdən təyyarə ayrılmasını istədiyini bildirib.
Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kobir isə Vəcədin ekstradisiya prosedurundan keçmədən ölkəyə buraxılmayacağını deyib. O, sabiq baş nazirin yalnız qandallanmış vəziyyətdə və ya ciddi təhlükəsizlik tədbirləri altında ölkəyə gətirilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Şeyx Hasina Vəcəd 2024-cü ilin iyulunda ölkədə baş verən etirazlar zamanı hakimiyyətdən gedərək Hindistana sığınmışdı. O, nümayişlər zamanı baş verən ölüm hallarına görə 2025-ci ilin noyabrında qiyabi olaraq ölüm hökmünə məhkum edilib.