"Temu” cərimələnsə, hesabı yenə vətəndaş ödəyəcək - İqtisadçıdan AÇIQLAMA

  • Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik - istənilən cərimə-vergi-rüsumun son ödəyicisi vətəndaşdır, biznes bunu cibindən ödəmir

Onlayn alış-veriş, müştəriyə məhsulun qapıda, əldən-ələ təhvil verilməsi, (“Trendyol, “Temu”) müxtəlif çatdırılma vasitəsiylə məhsul əldə etmək son illərdə xeyli populyarlaşdı. Buna səbəb xarici ölkələrdən hər hansı məhsulu sifariş edərək almağın əsasən daha ucuz və daha asan olmasıdır.

Bir halda ki, yerli ticarət şəbəkələrində satışa çıxarılanı xarici ölkədən qat-qat ucuz əldə etmək mümkündür, niyə də olmasın? Necə deyərlər, alan razı, satan razı, gətirən, çatdıran da razı. O zaman səbəb nədir ki, hökumətdə bəzi dairələr “Temu” onlayn alış-veriş şəbəkəsindən narazılıq edirlər? 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bunun səbəbini belə izah etdi:

- “Temu”dan narazılığı məhsullarını ucuz satması və bununla da güya, Rəqabət Məcəlləsinin pozulduğu ilə əsaslandırırlar. Bəli, dünyada “dumping” anlayışı var, hansısa istehsalçı - əsasən istehsalçı, xidmət sahəsi də ola bilər, amma, buna az təsadüf olunur - bazara nəzarəti artırmaq istəyəndə istehsal etdiyi məhsulun qiymətini aşağı çəkir, bir müddər dözür, daha zəif rəqibləri o qiymətə istehsal etdiyi məhsulları sata bilmir deyə, sıradan çıxır, sonra “dumping” edən böyük şirkət bazarın böyük bir hissəsini ələ keçirib qiymətləri qaldırır, bununla da itirdiklərini artıqlaması ilə geri qaytarır. Amma “Temu” istehsalçıdırmı? Yox. “Temu” - Çin mənşəli, beynəlxalq onlayn alış-veriş və elektron ticarət platformasıdır. Şirkər birbaşa istehsalçılarla işləyir və geyim, elektronika, məişət əşyaları, kosmetika, oyuncaqlar və alətlər və s. daxil olmaqla milyonlarla fərqli məhsul təklif edir. Yəni, qiyməti istehsalçılar qoyur, “Temu” isə məhsulları birbaşa istehsalçıdan alaraq çatdırılmanı həyata keçirir. Yəni, “dumping” etmək üçün imkanı məhduddur, qiyməti istehsalçı verir, “Temu” isə sifariş və çatdırılmada iştirak edir. “Temu” şirkətinin fəaliyyətinə nəzarət olmalıdırmı? Əlbəttə ki, olmalıdır. İstehlakçıların hüquqlarını dövlət qorumalıdır - əgər bəzi istifadəçilər sifariş edilən məhsulların keyfiyyətsiz, xarab çıxmasından və ya reklam olunan şəkildən fərqli gəlməsindən şikayət edirlərsə, mütləq araşdırma aparılmalı, istehlakçının hüququ qorunmalıdır. 

N.Cəfərli bildirdi ki, “Temu” ilə bağlı yoxlama, araşdırma aparılması çatdırılma xidmətinin bahalaşmasına gətirib çıxara bilər: 

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nədən məhz “dumping” məsələsini önə çəkib araşdırma aparır?! Kim şikayət edib bu məsələdən, hansı rəqibi? Alan razı – satan razıdırsa, istehlakçılardan şikayət yoxdursa, niyə əl-ayağa düşüblər? Yaxşı, tutalım, “Temu” cəza aldı, böyük cərimə ödəməli oldu, o zaman da, çatdırılma xidməti bahalaşdıracaq axı, həmin cəriməni biz - vətəndaş ödəməli olacağıq. 

Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik – istənilən cərimə-vergi-rüsumun son ödəyicisi vətəndaşdır, biznes bunu cibindən ödəmir. Siz cərimələri artırdıqca, qiymətləri yüksəldirsiniz, vətəndaşın daha çox ödəməsinə səbəb olursunuz.