Türkiyənin “AJet” aviaşirkəti xarici uçuşlar üçün yeni endirim kampaniyasına start verib. 32 ölkəni əhatə edən kampaniya çərçivəsində biletlər 29 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Seçilmiş istiqamətlər üzrə isə 1, 9, 19 və 29 avroya uçuş imkanı təqdim olunur.
Sherg.az xəbər verir ki, AJet-dən verilən məlumata görə, xarici reyslərə şamil olunan endirim kampaniyası sərnişinlərə payız tətilini indidən planlaşdırmaq imkanı yaradır. Münhendən Amsterdamadək, Parisdən Londona, Daşkənddən Əlcəzairədək geniş istiqamət şəbəkəsində biletlər endirimli qiymətlərlə satışa çıxarılıb.
Endirimli biletlər 1 sentyabr–24 oktyabr tarixləri arasında həyata keçiriləcək səfərlər üçün keçərlidir. Türkiyədən yola düşən reyslər üzrə biletlər 29 dollardan başlayan qiymətlərlə satılır. Seçilmiş istiqamətlərdə isə 1, 9, 19 və 29 avroya bilet almaq mümkündür.
AJet 32 ölkəni əhatə edən kampaniya çərçivəsində 100 min endirimli yer satışa çıxarıb. Birbaşa uçuşlara şamil olunan kampaniya biletlərini AJet-in rəsmi saytı, mobil tətbiqi, çağrı mərkəzi və səlahiyyətli satış agentliklərindən əldə etmək mümkündür.
Kampaniya çərçivəsində seçilmiş bütün istiqamətlər üzrə əl yükü seçimi də 9 avrodan başlayan qiymətlərlə təklif olunur.
Endirimli biletlər Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Əlcəzair, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Niderland, İraq, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Kosovo, Şimali Makedoniya, Livan, Macarıstan, Misir, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya və İordaniyaya səfərlərdə istifadə oluna bilər.