Baş katibdən ETİRAF: “Biz Avropada qaçqınları qovuruq”

“Türkiyə və Azərbaycan kimi müsəlman əhalisi olan ölkələr öz qapılarını qaçqınların üzünə açmağa daha çox hazırdırlar”



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyobörn Yaqland Assambleya üzvlərinin suallarını cavablandırıb.
APA-nın Avropa müxbirinin xəbərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətin üzvü Rafael Hüseynovun hazırda "Avropadakı qaçqın böhranı fonunda Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü qəbul etdiyinə ” dair sualına münasibət bildirən AŞ baş katibi müsəlman əhalisi olan Türkiyə və Azərbaycanın qaçqın qəbul edə bilməsi sahəsindən Avropa ölkələrindən daha irəlidə olduğunu bildirib.
"Qaçqın məsələsi iki-üç aydır ki, başlayıb və biz indi kənardan gələn qaçqınların problemini müzakirə edirik. Amma Avropadakı daxili qaçqın və məcburi köçkün məsələlərini də unutmamalıyıq. Mən bir faktı da bilirəm ki, Türkiyə və Azərbaycan kimi müsəlman əhalisi olan ölkələr öz qapılarını qaçqınların üzünə açmağa daha çox hazırdırlar. Biz isə Avropada qapıları daha çox qaçqınların üzünə bağlayırıq, hətta onları qovuruq. Mən bundan artığını deyə bilməyəcəm, bu faktdan xəbərim var, amma biz əlimizdən gələni etməliyik ki, belə böhranların qarşısını ala bilək”.
Daha sonra fransalı deputat Fransua Roşbluanın baş katibə sual verərək, Azərbaycanı atəşkəs rejimini pozmaqda ittiham edib.
T. Yaqland isə deyib ki, onun Ermənistanla Azərbaycan arasında artan gərginlikdən xəbəri var. Baş katib Dağlıq Qarabağla yanaşı iki ölkə sərhədində də atəşkəsin pozulmasından narahat olduğunu qeyd edib: "Bu məsələnin həllində yalnız Minsk qrupu səlahiyyətlidir. Biz vaxtında tərəflərə bu və ya digər formada öz köməyimizi təklif etmişdik, amma bu məsələ ilə bağlı Minsk qrupunun məşğul olduğu deyildi. Amma biz öz adımızdan mövqeyimizi bildirməliyik. Çünki hər iki ölkə Avropa Şurasının üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüb, söz verib. Bu AŞ-nın məramnaməsində qeyd olunub”.