Bakıda Türkiyə vətəndaşlarının qənimi tutulub

Saxlanılan şəxsin xarici vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməlləri üzə çıxıb



Bakıda çoxsaylı dələduzluqlar etmiş şəxs yaxalanıb. Lent.az-ın məlumatına görə, Türkiyə vətəndaşı, 1946-cı il təvəllüdlü Acımış Necat Abduləziz oğlu polisə müraciət edərək Xəqani küçəsində Elmir Rövşən oğlu Dilbaziyə evinə kupça düzəltdirməsi üçün 400 manat verdiyini deyib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu mənimsəyib. Aparılan araşdırmalar nəticəsində Qazax rayon sakini olan 1988-ci il təvəllüdlü Elmir Dilbazi yaxalanıb.
Sonrakı araşdırmalarla müəyyən edilib ki, E.Dilbazi daha əvvəl Əfqanıstan vətəndaşı Muhammadi Rafz Muhammadi Rza oğlundan viza düzəltmək adı ilə 2750 manat, Türkiyə vətəndaşı Mustafa Çelikdən qeydiyyata düşmək üçün 520 manat, Türkiyə vətəndaşı Nihat Soymandan pensiya sənədi düzəltmək üçün 1000 manat, Türkiyə vətəndaşı Muhammet Çatınqurddan viza düzəltmək üçün 500 dollar, Türkiyə vətəndaşı Çetin Güzelsudan nikah və qeydiyyat sənədi düzəltmək üçün 2050 manat alıb.
Hazırda E.Dilbazi ətrafında araşdırmalar davam etdirilir.