Artıq çıxış yolumuz qalmır

“Erməniləri sülh danışıqları masasına əyləşdirmək üçün mütləq hərbi güc göstərmək lazımdır”




Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə son sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi ətrafında son günlər baş verən proseslər sülh danışıqlarının tam fiaskoya uğradığını deməyə əsas verir. Cəbhə xəttində gərginliyin hər gün bir az daha artması, ordumuzun şəhid verməsi, erməni qəsbkarları tərəfindən atəşkəsin pozulması və şiddətli döyüşlərin getməsi, artıq onu göstərir ki, xalqımız öz ata-baba torpaqlarını işğaldan azad etmək üçün müharibəyə köklənməlidir.

Ermənistan Prezidenti Serj Sarkisyanın isə "Ermənistan, - mən Ermənistan deyəndə onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağı da nəzərdə tuturam, - planetin ən hərbiləşdirilmiş əraziləri sırasındadır”, - deyə səsləndirdiyi bəyanat isə artıq düşmən tərəfinin konstruktiv mövqe sərgiləyəcəyinin üzərindən birdəfəlik xətt çəkir. Belə olan halda isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbdən başqa yolu qalmır. Bəs cəbhədə baş verənlər fonunda Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlama ehtimalı nə qədərdir?

Politoloq Arzu Nağıyevin sözlərinə görə, cəbhə bölgələrində, istər Dağlıq Qarabağdakı ermənilərlə təmas xəttində, istərsə də sərhəd rayonlarında ermənilər tərəfindən edilən son təxribatlar planlı şəkildə, məhz BMT-nin sessiyası vaxtı baş verdi. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə hər iki dövlətin xarici işlər nazirlərinin görüşü zamanı belə bir təxribatlara əl atmaq erməni təcavüzünün məntiqi davamı kimi qiymətləndirilməlidir.

A.Nağıyev deyib ki, bu təxribatlar vaxtı ermənilər çoxsaylı itki verərək geri çəkilib: "Çox təəssüf ki, Azərbaycan ordusunda da şəhidlər var. Məlumdur ki, Ermənistanın son vaxtlar Rusiya ilə yaxınlaşması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü də bunun əsas səbəblərindən biridir. Bütün bunlardan qaynaqlanan təxribatların məntiqi nəticəsi kimi Sarkisyan açıq şəkildə etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili işidir və avtomatik olaraq işğal faktını da çəkinmədən etiraf edir. Ermənistan rəhbəri bilir ki, beynəlxalq təşkilatlar susur, havadarlar isə onların tərəfdarıdırlar”.

Ən pis sülhün, ən yaxşı müharibədən daha önəmli olduğunu vurğulayan politoloq hesab edir ki, Azərbaycan tərəfi hələ ki Dağlıq Qarabağ münaqişəsinin həllini "Madrid prinsipləri” çərçivəsində sülh yolu vasitəsilə həll etməyə çalışır və bunun üçün bütün diplomatik səylərdən istifadə edir. "Təbii ki, bununla paralel olaraq erməni təcavüzkarlarına da güc nümayiş etdirmək vacibdir, ona görə ki, erməniləri sülh danışıqları masasına əyləşdirmək üçün mütləq hərbi güc göstərmək lazımdır. Çünki artıq çıxış yolumuz qalmır. Səbəbi də odur ki, beynəlxalq təşkilatlar bəyanat verməkdən o tərəfə keçmirlər”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İbrahim Rüstəmli də deyib ki, son günlər cəbhə xəttində atəşkəsin tez-tez pozulması Ermənistanın təxribatıdır və ciddi proseslərin başlanğıcıdır. Vəziyyət getdikcə gərginləşir, itkilərimiz çoxalır. "Elə qarşı tərəf də ciddi itkilər verir. Amma bizim üçün hər əsgər qiymətlidir və böyük itkidir. Bu gün çıxılmaz vəziyyətdə qalan Ermənistanın vəziyyəti gərginləşdirərək bu gərginlikdən siyasi məqsədləri üçün istifadə etməkdən başqa çarəsi qalmayıb”.

İ.Rüstəmlinin sözlərinə görə, Ermənistan artıq Rusiyadan da üz döndərməkdədir: "Fikir verirsinizsə, Ermənistan artıq Rusiyaya da arxasını çevirib. Ermənistanın müdafiə nazirinin müavini, bir sıra siyasi fiqurları Amerikaya tez-tez rəsmi səfərlərə gedirlər, bu ölkədən dəstək istəyirlər. Erməni mediasını izləyirəm. Orada vəziyyət belə şərh olunur ki, ölkə nə Qafqaz, nə Qərb, nə də Avropada mövqeyini qoruya bilmir və siyasi cəhətdən iflasa uğrayıb. Cəbhədə vəziyyətin gərginləşməsi Ermənistan üçün siyasi əhəmiyyət daşıyır. Rəsmi İrəvan yenə də əhalinin diqqətini Qarabağa yönəltmək niyyətindədir. Çünki Sarkisyan hakimiyyətinin özü də siyasi iflasa uğrayıb. Burada vəziyyət son dərəcə gərgindir. Kütləvi xarakter almış mitinqləri xatırlayın. O mitinqlər hələ də səngiməyib. Ona görə rəhbərlik hər vəchlə əhalinin diqqətini Qarabağa yönəldir. Hər zaman da Qarabağı bir vasitə kimi istifadə edirlər. Sadə erməni vətəndaş üçün Qarabağın heç bir mənəvi əhəmiyyəti yoxdur. Çünki sadə erməni vətəndaşı bu gün bir tikə çörək və su uğrunda mübarizə aparır. Bu sosial durumda olan insanın Qarabağ haqda düşünməyə imkanı ola bilməz”.

Cəbhədəki vəziyyətə toxunan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, həmsədr dövlətlər lokal toqquşmaların bölgədə genişmiqyaslı toqquşmalara keçəcəyindən ehtiyat edirlər. "Bunun üçün zəmin də var. Əgər bir neçə il öncə, atəşkəs snayper atəşilə pozulurdusa, indi artıq ağır artilleriya işə düşüb. Hərbi təyyarələr bir-birilə yaxın məsafədən uçurlar. Müharibənin başlanması ehtimalı artıb. Bu da həmsədr ölkələrini ciddi narahat edir. Ona görə də həmsədr dövlətlər tərəflər arasında təmasların sayını artırmağa çalışırlar. Məsələ burasındadır ki, təmaslarla iş bitmir. Həmsədrlər prosesi irəli aparmayınca, danışıqlarda real nəticə olmayınca, bölgədə vəziyyətin gərgin qalacağını yenə ehtimal edə bilərik. Hər il hansısa təmasda görüşlər, fikir mübadiləsi olur. Sadəcə, proseslərə təsir etmir. Ona görə də bölgədə gərginlik müşahidə olunur. Son zamanlar cəbhədə vəziyyətin gərgin olması heç bir görüşdən asılı deyil. Avropa oyunları zamanı da cəbhədə atəşkəs tez-tez pozulurdu. Hətta, tərəflərin görüşü belə, bu atəşkəsin bərpasına zəmin yaratmayacaq. Atəşkəsin pozulması davam edəcək. Cəbhədə geri dönüşü olmayan elə bir proses başlayıb ki, heç kim ümid edə bilmir. Nə qədər ki, Ermənistan status-kvonu uzatmağa çalışır, Azərbaycanın başqa alternativi qalmır ki, işğalçını güc yolu ilə rayonları boşaltmağa məcbur etsin. Zəruri, obyektiv bir proses gedir. Bunun nəticələri nə olacaq, bax, bunu hesablamaq çətindir. İndiki genişmiqyaslı toqquşma 90-cı illərin müharibəsindən çox fərqlənir. 20 il ərzində bölgədə şərtlər çox dəyişib. Bölgədə böyük dövlətlərin maraqları var. Müharibənin başlayacağı təqdirdə bu, qonşu dövlətlərin - Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Türkiyənin maraq kəsişmələri olacaq. Bu faktordur, öz rolunu oynayır”.

Şəymən